Xəbər lenti

Biz niyə televiziya kanallarımıza baxmırıq?
Ölkə 18:22 01.11.2018

Biz niyə televiziya kanallarımıza baxmırıq?

Nazim Şərbətov,
Televiziya tənqidçisi
 
Son zamanlar sosial şəbəkələrdə olsun, internet mediada olsun tez-tez TV-lərimizin və proqramların tənqidi çoxalıb. Hamı səviyyə, efir mədəniyyəti, keyfiyyət və s. tələb edir.

Gəlin öncə publikanın özündən başlayaq…

Publika nəyi sevir və nəyə baxır?

Çoxluq rus kanallarında şoulara, türk kanallarında seriallara, online platformlarda isə xarici film və seriallara baxır…
Reytinq şirkətinə görə, çoxluq yerli kanallarda gedən, şou, sosial (ağlaşma) verlişlərə baxır…
TV kanallara görə çoxluq onların göz bəbəyi bir-iki verlişlərinə baxır…
Publikanın özlərinin dediyinə görə, sənədli filmlər və xarici kanallara baxıb maariflənirlər…
Gəlin hər şeyi başdan başlayaq.

Ölkənin dövlət büdcəsindən maliyələşən iki telekanalı var. Digərləri özəl kanallardır və reklam bazarı hesabına maliyyələşir. Reklam bazarı və onların hansı şərtlərlə reklam verdiklərinin də üzərində durmuram.

Reytinq şirkətlərinin verdiyi reytinqə görə formalaşan efir məkanından danışacağam. Reytinq şirkətləri reytinq ölçmək üçün seçilmiş evlərə cihazlar yerləşdirib və bu ‘’publikaya’’ görə reytinqlər təyin olunur. Deməli onlar nəyə daha çox baxacaqsa o veriliş reytinq verəcək??? Bəs alternativ ölçmə varmı və ya digər ölkələrdə olduğu kimi reytinqlər gündəlik ictimaiyyətlə paylaşılırmı?

Sualların cavabları müxtəlif ola bilər..

İndi gələk əsas məsələyə. Telekanallarımızın hər hansı birində şou-əyləncə verilişində bir şou göstərilir və bu qınağa çevrilir - efirdə filan hərəkəti eləmək olmaz və s. ilaxır.

Ay qadanızı alım, axı şou verilişində şou göstərərlər, veriliş şouya, əyləncəyə xidmət edir. Əgər intellektual yarışmada və ya xəbər proqramında çıxıb kimsə təpik atsa, şpaqat açsa, bunu qınamaq olar. Amma şou əyləncə verlişində əyləncə xətrinə şou xətrinə göstərilən səhnələr qınaq obyektinə çevrilməməlidir.

İntellektual verilişlər hazırlansa və tamaşaçıya təqdim olunsa belə o verlişləri də bir bəhanəylə izləməyəcəyik. Çünki bizim dünya görüşümüz beynəlxalq səviyyəli verilişlərlə bərabərdir.

Aparıcılıq məsələsinə söz demək artıq olar. O ən problemli məsələdir. Amma və lakin problemli məsələ kanalların özlərinin profilini təyin etməməyindədir.

Artıq xəbər kanalımız var, idman kanallarımız da var, ictimai-siyasi verilişləri hazırlayan kanallarımız da var.

Bütün kanallarımız saat başı xəbər verir - axı siz xəbər kanalı deyilsiniz, bu nəyə lazımdır?

Bütün kanallarımız eyni saatda eyni formatda veriliş təqdim edir- axı bu rəqabət deyil.

Bütün kanallarımız hava təqdim etməyə əzilib-büzülən qız çıxarır- axı xəbərdən sonra prime-time-da yaşlı dayı da çıxarsan o proqnoza baxacaqlar.

Bütün kanallarımız axşamlar gündəlik serial verir - axı 9 milyonluq əhalisi olan bir ölkə üçün gündəlik dram çoxdur.

Bunları saymaqla bitirə bilmərik. Efir siyasəti təyin olunmalıdır, tamaşaçı bilməlidir hansı kanal ona nə təqdim edəcək. Hər kəs özünə uyğun olana baxacaq.

Deyəcəksiniz özün neynəmisən ki? Mən televiziyada çalışanda hər şey hazırlamışdım - saat başı xəbər, səhər şou əyləncə, gündüz musiqili söhbət, axşam çal-oynasın və seriallar. Araya da vətənpərvərlik verilişləri, ədəbi maarifləndirici və tarixi proqramlar.

Bu sadaladıqlarım hamısı gözə xoş gələrdi, o zaman ki, efirlərimiz yalandan yox, real HD olsa idi, efirlərin rəng konsepti göz oxşayan olsa idi, qonaqlar lağ-lağa hesabına məşhurlaşanlardan yox, real izləyici bəyənisi qazananlardan olsa idi. Xəbərlərdə aparıcılar qaşqabaqlı yox, daha səmimi, gülərüz olsa idi. Xəbər süjetləri tədbiri yox, tədbirin mövzusunu işləsə idi.

Və s. Və ilaxır…

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->