Dünya 15:30 27.01.2020

Bolton yeni kitabında Trampı "vurdu": Ukraynanı təhdid edib...

Ağ Evin sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun yeni çıxacaq kitabında "ABŞ prezidenti Donald Trampın siyasi rəqibi Cou Bayden və oğlu barədə istintaq başladılana qədər Ukraynaya hərbi yardımı dondurmaq istədiyini" yazdığı iddia edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb. Boltonun vəkili kitabın qaralamasının 30 dekabrda Ağ Ev Milli Təhlükəsizlik Şurasına göndərildiyini və içərisindəkilərin mətbuata da məhz burdan sızdırılmış ola biləcəyini deyib. 

Boltonun mart ayında bazara çıxarılması nəzərdə tutulan "Hadisənin olduğu yer" adlı kitabının surətini əldə edən qəzet Ukrayna məsələsi ilə bağlı daha bir iddia ortaya atıb. Qəzetin yazdığına görə, Bolton ötən avqustda Trampın ona ukraynalı rəsmilərin cinayət işi açana qədər hərbi yardımı dayandırmaq istədiyini söylədiyini iddia edib.

Trampın impiçmenti ərəfəsində ortaya çıxan bu məlumatın Senatda geniş müzakirəyə çıxarılması gözlənilir. Bir çox demokrat senator və vəkil iddianın olduqca önəmli olduğunu və bunun prosesin gedişinə ciddi şəkildə təsir göstərə biləcəyini düşünür.

Xəbərlə bağlı hələlik Ağ Evdən, Donald Trampdan və ya Boltondan münasibət bildirilməyib.
 
Camal