Siyasət 17:50 23.05.2013

“Bu, Allahşükür Paşazadənin ixtisasına daha uyğun gəlir” - AÇIQLAMA

İranda saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid Azərbaycana verilməyib. 

İran tərəfi alimin Azərbaycandakı Təbriz Konsulluğuna təhvil verildiyini desə də, Azərbaycan tərəfi bunu təkzib edir.

Bu fonda iki ölkə arasında baş verənlərə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Qaynar.info-ya deyib ki, baş verənlərə normal yanaşmaq lazımdır. Onun sözlərinə görə, X.Xalidi həbsdən azad ediblər, amma gəlib çıxmayıb: “Daha dəqiq bura gələndə biləcəyik. İran tərəfi bunun əvəzində Azərbaycanda həbs edilən iranlıları istəyir”.

Z.Əlizadə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin İran səfərlərini də şərh edib: “Ramiz Mehdiyev məhbusları azad eləmir, amma bu, görünür, Allahşükür Paşazadənin ixtisasına daha uyğun gəlir. Onlar İrana iki ölkə arasında məsələləri müzakirə etməyə getmişdilər. Təbii ki, iki ölkə arasında müəyyən qədər gərginlik var. Bu istiqamətdə məsələləri yoluna qoymağa çalışıblar”.

Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin İrana səfəri zamanı İran saxlanılan şəxsləri azad etdirəcəyini bildirmişdi.

X. Xalid sürücüsü ilə birlikdə aprelin 30-da İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb.

İlkin

Qaynar.info