Dünya 18:47 08.08.2018

Bu cihazın orduda istifadə edilməsinə qadağa qoyuldu (FOTO)

ABŞ Müdafiə Nazirliyi orduda GPS cihazlarından istifadənin qadağan edilməsi barədə qərar qəbul edib.

Qaynafrinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilib.

Pentaqondan verilən açıqlamaya görə, koordinatları bildirən cihazların, mobil telefonların, elektron saatların və proqramların şəxsi heyətin həyatını riskə atması səbəbindən istifadəsi komandirlərin öhdəsinə buraxılıb.

"Yer bildirən bu cihazlar, proqramlar və xidmət sektoru Müdafiə nazirliyinin istər vəzifədə, istərsə də ehtiyatda olan hərbçilərinin həyatı üçün böyük riskdir", - deyə Pentaqon sözçüsü polkovnik Robert Manninq bildirib.

Qərarın dərhal icrasına başlanıldığını deyən Manninq bu tədbirlə düşmənin ABŞ əsgərlərinin yerini asanlıqla təyin etməsinin qarşısını almağı planlaşdırdıqlarını sözlərinə əlavə edib.

Ordu birləşmələrinə göndərilən təlimatda qeyd olunur ki, sözügedən cihazlar Müdafiə Nazirliyinin şəxsi heyətinin məlumatları, yerləri, döyüş vəziyyətləri və sayları kimi gizli məlumatları ifşa edə bilər, birləşmiş qüvvələrə və missiyaya qarşı riskə səbəb ola bilər.

"Deutsche Welle"nin xəbərinə görə, pentaqon bu qərarı avstraliyalı bir tədqiqatçının istifadəçilərin idman fəaliyyətlərini izləyən və harda olması ilə bağlı məlumat alan "Strava" adlı bir proqram sayəsində Suriya və İraqda xidmət keçən ABŞ əsgərlərinin harda olmasına dair bir xəritə yayımlamasından sonra qəbul etdiyi ehtimal olunur.

2015 və 2017-ci illərə aid məlumatları özündə əks etdirən xəritə İraq və Suriyanın bəzi yerlərində genişlənən fəaliyyətləri ortaya çıxarmışdı. Daha sonra bu yerlərin müxtəlif ABŞ hərbi bazalarına aid olduğu qeyd olunmuşdu.