Ölkə 16:52 27.02.2018

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

Bu ildən 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə verilən "Gələcəyin Müəllimi" təqaüdü 100 manatdan 50 manata endirilib.

Bu barədə Qaynarinfo-ya adı həmin siyahıya düşən tələbələrdən birinin valideyni Samirə Əhmədova məlumat verib:

"Bu il adı "Gələcəyin Müəllimi" təqaüdü alanlar siyahısına düşən tələbələrin təqaüdləri 50 faiz aşağı salınıb. Qızım Azərbaycan Dillər Universitetində oxuyur. Universitet rəhbərliyindən bildiriblər ki, bu qərar noyabr ayından verilib. Əgər belə bir qərar noyabrda verilmişdisə, nə üçün sentyabr və oktyabr aylarının da təqaüdü 50 manat verilib. Son günlərdə prezident İlham Əliyevin bütün təqaüdləri 10 faiz artırdığı halda, Təhsil Nazirliyi "Gələcəyin müəllimi" təqaüdünü niyə aşağı salır?".
 
Qeyd edək ki, "Gələcəyin müəllimi təqaüdü” Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə təsis edilib, peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.
 
Çingiz Səfərli