Ekonomiks 10:37 29.09.2014

“Buta Sığorta” ilə bağlı qalmaqal böyüyür



Rövşən Tağıyev: “Ödəniş təmin olunmasa məhkəmədə burada qeyd etmədiyim əlavə faktlarla cıxış edəcəyik”

Bir müddət əvvəl “Kral Rent a Car” şirkətinin direktoru Rövşən Tağıyev Editor.az-a açıqlamasında “Buta sığorta” ASC-nin onlarla aralarında əldə edilmiş öhdəliklərə əməl etmədiyini və hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişdi. Şirkət direktoru “Buta sığorta” ASC-nin qanunları pozaraq, müştərilərini aldatdığını diqqətə çatdırmışdı.

“Kral Rent a Car” şirkətinin direktorunun açıqlamasından sonra “Buta sığorta” ASC-dən cavab məktubu daxil olmuşdu. ASC məktubunda R.Tağıyevin iddialarını təkzib edərək, atdıqları addımların qanunvericiliyə uyğun olduğunu bildirmişdi.

“Kral Rent a Car” şirkətinin direktoru Rövşən Tağıyeva “Buta sığorta” ASC-nin iddialarına cavab verib.  “Buta sığorta”nın ünvanına bir sıra yeni ittihamların da yer aldığı məktubu olduğu kimi təqdim edirik:

“İlk öncə qeyd edim ki, mən biznes fəaliyyətim dövründə hər zaman qanunlarımızın aliliyini əldə rəhbər tutmuşam və heç kəsə böhtan və şər atmamışam. Bu şəxsimə qəbul etmədiyim sözdür. Çünki, biznesdə müştəri məmnuniyyəti və vətəndaşlarla davranış qaydası ən önəmli faktordur.

Bildirmək istəyirəm ki, “Kral R.C. MMC” olaraq fəaliyyətimiz avtomobil icarəsidir. 2013-cü ilin may ayından etibarən “Buta Sığorta” şirkəti ilə müqavilə bağlanaraq şirkətimizin bütün avtomobillərini sığortaladıq və sığorta ödənişlərini əvvəlcədən müəyyən olunmuş qaydada(kvartal odənişlə) həyata keçiririk. Lakin, bir müddət sonra sığorta hadisələri üzrə bizim avtomobillərimizə dəymiş ziyanların ödənilməsində çox ciddi pozuntular oldu. Həmin sığortanın əməkdaşı və bizimlə kuratorluq edən Bağırov Elmar sığorta ödənişlərini bizdən qəbul edərək, sığorta şirkətinə özü şəxsən ödəyirdi və bu ödəmələrin qəbzlərini bir müddət keçdikdən sonra bizə gətirib təhvil verirdi. “Buta sığorta” şirkəti tərəfindən “Kral R.C. MMC”-yə görə dəymiş zərərin ödənilmədiyindən (qanunda 7 gün müddət göstərilsə də 1 ay bəzən də, 2 ay müddətdən sonra ödənişləri “Buta Sığorta” həyata keçirirdi) biz də dəymiş ziyanı bizə gec ödədikləri üçün sığorta kuratorunun da razılığı ilə kvartal ödənişlərdə müəyyən axsatmalar etdik. Səbəbi sığorta şirkətinin vaxtında dəymiş ziyanı ödəməməsi idi.

10.06.2013-cü ildə sığorta ilə bağlanmış “90 VS 096″ dövlət nömrə nişanlı “Range Rover Sport” markalı avtomobili müqavilənin vaxtı 10.06.2014-cü ildə başa çatdığından növbəti il üçün 14.06.2014-cü il tarixdə sığorta kuratoru Elmar Bağırov tərəfindən yeniləndi. Lakin E.Bağırov sığorta ödənişini vaxtından gec ödəyib və sığorta müqaviləsində qeyd olunub ki, 15 gün müddətində sığorta ödənişi həyata keçməzsə, şəhadətnamə xitam olunmalıdır. Lakin bizə heç bir xitam olunması barədə məktub ve ya şifahi bildiriş olunmayıb. 22 iyul 2014 cü ildə ödəniş həmin müqaviləyə əsasən ödənilib və qəbzi E.Bağırov bizə təqdim edib.

Qanunvericilikdə nəzərdə tutulduğu kimi bağlanmış müqaviləyə ödəniş qəbul edilirsə müqavilə ödəniş olunduğu gündən deyil, bağlandıqı gündən qüvvəyə minir. “Buta Sığorta” rəhbərliyi imtinaya səbəbi ilk öncə müqaviləyə vaxtında ödəniş olmasını əsas götürdülər lakin mən qanuni formada izah etdikdə ki, bağlanmış müqaviləyə ödənişi bizə E.Bağırov bildirməyib, sadəcə kvartal ödənişlərinin vaxtı çatdığını və ödəniş olunmasını bildirib. Bundan sonra sığorta bizə dəymiş ziyana görə pul ödəməli olduğunu bildirdiyimdə ümumi razılığa gəlib ki, ödənişi sığorta sizə verdikdə kvartalları onda ödəyərsiniz. Bu formada razılığa gəlinib. Həmin kvartal ödənişində yenilənmiş müqavilənin də ödənişi olub və 21 iyul 2014-cü il tarixdə bizə dəymiş əvvəlki hadisəyə görə ödənişi aldığımıza görə (1 aydan artıq müddət gec ödəyiblər) eyni gün bütün ödənişləri heyata keçirdik və yenə hər zaman olduğu kimi ödənişi E.Bağırova etdik və üzərindən təxminən 7-8 gün keçdikdən sonra ödəniş qəbzlərini bizə təqdim edib. Sonradan 15.07.2014-cü il tarixdə həmin müqavilədə nəzərdə tutulmuş avtomobil qəza törətmişdir. Qəzanın üzərindən 2 ay keçməsinə baxmayaraq tələb olunan bütün sənədləri hadisədən bir həftə keçməmiş (DYP və digər sənədlər) təqdim etməyimizə baxmayaraq 17 sentyabr 2014-cü il ildə sığortanın gec ödənişini nəzərə almaqla sığorta ödənişindən imtina etməklərini bizə bildiriblər.

Halbuki, bu hadisədən iki ay müddət keçib. Şəhadətnamənin vaxtında ödənişi olmadığından xitam verilməsi ilə bağlı bildiriş verməyib (Halbuki, xitam verilən müqaviləyə görə ərizə və bildiriş məktubu olmalıdır) və həmin sığorta müqaviləsi üçün nəzərdə tutulmuş ödənişi qəbul etmişlər.(bunu rəhbərliyinə bildirdiyimdə bu səhvləri öz əməkdaşlarının üzərinə ataraq məsuliyyətdən boyun qaçırmağa çalışmışlar)

Əlavə olaraq bildirmək istəyirəm ki, bəli, mənə rəhbərlik bildirdi ki, siz riskli şirkətsiniz ve bir neçə “rent a car” şirkətləri ilə müqavilələri xitam verərək əməkdaşlığa son vermişik və sizinlə də əməkdaşlığa son verməyi düşünürük. Mən bildirdim ki, sığorta şirkətinin işi risklərin qarşısını almaqdır .Əgər siz burda yaranan riskləri deyil, öz menafeylərinizi düşünürsünüzsə, bu o deməkdir ki, siz sığorta ödənişlərini vətəndaşlardan ve şirkətlərdən qəbul edib, amma hadisə olduqda ödəniş etməkdən boyun qaçıraraq vəsaitə tam şəkildə yiyələnmək arzusundasınız. Qeyd edim ki, bir neçə şirkətlərin də bu formada işlərinə çox ciddi qanunsuz hərəkətlər edərək imtina etmişlər .

Bizə dəymiş ziyanın hüquqi çərçivədə həll olunacağına inanıram və əgər ki, ödəniş təmin olunmasa məhkəmədə burada qeyd etmədiyim əlavə faktlarla cıxış edəcəyik” .

Qaynar.info