Hüseynbala Səlimov
Siyasət 11:31 24.01.2017

Böyük siyasətdə Tramp dövrü başladı! O, nə vəd edir?..

HÜSEYNBALA SƏLİMOV

OBAMA AXIRA QƏDƏR ÇALIŞDI, AMMA...

Son vaxtlarda, xüsusən də andiçmə mərasimi ərəfəsində B.Obamanın özünün və administrasiyasının hansısa ölkələrə səfər etməsinin, gurultulu bəyanatlar verməsinin bəlkə də heç bir önəmi yox idi – böyük ehtimalla bunlar hamısı vida xarakterli işlər idi.

Amma Obama özü də, onun administrasiyasının üzvləri də belə hesab etmirdilər– səfərlər də, bəyanatlar da davam edirdi. Hətta B.Obama özü bir dəfə vida nitqi ilə çıxış etdi, iki dəfə də mətbuat konfransı keçirdi...

Ola bilsin, bunun başqa səbəbləri də vardı. Demokratlar indi hakimiyyətdən gedirlər, siyasət isə davam edir. Onların bir qismi bundan sonra da fəal siyasətçi kimi, digərləri isə məsləhətçi və lobbiçi kimi işlərini davam etdirəcəklər.

Görünür, ölkələr, onların siyasətçiləri də məsələyə daha çox bu aspektdən yanaşırdılar–ABŞ-ın ictimai və siyasi həyatında hər ölkənin öz adamının olması heç kimə və heç nəyə mane olmur...

Nə gizlədim, bütün bunlar andiçmə mərasiminə bir az qalmış, C.Baydenin Ukraynaya səfər edəcəyi haqqında xəbəri oxuyanda ağlıma gəldi. O vaxt düşündüm ki, hakimiyyətdən getməkdə olan vitse -prezident cənablarının bu başıbəlalı ölkəyə səfərinin mənası vardırmı?

Xeyli çək-çevirdən sonra ağlıma gəldi ki, hamı amerikalı dostlarının sayını artırmağa çalışır. Bir daha deyirəm ki, dostlar hakimiyyətdə də ola bilər, ictimai – siyasi həyatda da...

Amma hamını hər şeydən çox digər məsələ düşündürür: görən, D.Trampın timsalında onların ölkəsi dost qazanacaqdır, yoxsa düşmən?..

DÖRD DƏYİŞMƏZ İSTİQAMƏT...

Artıq D.Trampın andiçmə mərasimi olub. Yox, bu vaxta qədər ürəyimizi boşaltmaq, fikirlərimizi oxucularla bölüşmək imkanlarımız çox olub. Yeni söz yoxdur. Yalnız bircə nüansdan savayı... 

Düşünürük ki, elə B.Obamanın da çabaları və narahatlığı daha çox bununla bağlı idi. O, sanki ABŞ siyasətini bəlli bir istiqamətə möhkəm -möhkəm bağlamaq istəyirdi ki, hətta D.Tramp istəsə də onu arzuolunmaz bir istiqamətə yönəldə bilməsin. Belə istiqamətlər isə indi yetərincədir...

Onları bircə-bircə sadalamayacağıq. Bircə onu deyəcəm ki, xarici analitiklər belə hesab edirlər ki, bütün hallarda ən azı dörd istiqamətdə ABŞ-ın xarici siyasi kursu dəyişməyəcək. 

Bu istiqamətlər hansıdır? Birincisi, belə hesab edilir ki, ABŞ əvvəlki dövrlərdə olduğu kimi yenə də azad beynəlxalq ticarəti dəstəkləyəcək. İkincisi, ABŞ qoşunları yenə də ölkədən kənarda qalmaqda davam edəcəkdir və hərbi-siyasi alyanslar qorunacaq. Üçüncüsü, heç kim, eləcə də D.Tramp da 1991-ci ildən sonra bərqərar olmuş geosiyasi arxitekturanı dəyişmək fikrinə düşməyəcək. Nəhayət, dördüncüsü, ABŞ – ın ən əsas rəqibi yenə də Rusiya olacaq...

Təbii ki, bütün bunları apriori olaraq qəbul etmək olmaz. Hətta axırıncı – Rusiya məsələsi ilə mübahisə də etmək olar. Amma tez bir zamanda bir çox məsələlərə ayıdınlıq gələcək, ona görə də tələsəməyək... 

ABŞ-LA İRAN YENİDƏN TOQQUŞARSA... 

Bizi burada daha çox, bəlkə də hər şeydən artıq belə bir məsələ düşündürür ki, görəsən, yeni ABŞ administrasiyasının Dağlıq Qarabağ probleminə münasibəti necə olacaqdır? Qardaş Türkiyəyə münasibətdə hansı siyasət yürüdüləcəkdir?

İndi bunları yalnız və yalnız təxmin etmək olar. Dəqiq söz demək mümkün deyildir. Kiçik C.Buş deyirdi ki, Azərbaycan sözünü düzgün və səlis tələffüz etmək üçün ona xeyli vaxt lazım olmuşdu. 

D.Tramp üçün isə Azərbaycan bir o qədər də uzaq və yaxud da ki,  ekzotik ölkə deyil. Hətta onun Azərbaycanla işgüzar əlaqələrinin olduğu da deyilir...

Fəqət, hətta belə bir detal da konkret sözlər deməyə heç imkan vermir. Ən azı seçki debatlarını xatırlasaq, keçmiş sovet məkanındakı münaqişələr D.Trampın seçki ərəfəsi çıxışlarında, bəyanatlarında elə bir yer almamışdı. Təbii ki, bir istisna vardı – o, da Ukrayna idi...

Amma bu xüsusda da ürəkaçan və ümidverici söz eşitmədik. Hətta D.Tramp bir neçə dəfə demişdi ki, Krımı Rusiyanın ərazisi kimi tanımaq və Rusiya ilə sıx münasibətlər qurmaq lazımdır.

Düzdür, bütün bunlar seçki ərəfəsində deyilmişdi. Seçki vaxtı deyilənlər isə çox vaxt real siyasətdə ifadəsini tapmır.

Üstəlik, yeni dövlət katibi “patron”undan fərqli olaraq Rusiyaya elə də isti münasibət bəsləmir. Senatdakı çıxışında dedi ki, ABŞ bir halda Krımı Rusiyanın ərazisi kimi qəbul edərdi – o halda ki, Ukrayna özü bunu etmiş olsun. Ümumiyyətlə, D.Trampın vəzifəyə təyin etdiyi və ya namizəd kimi irəli sürdüyü adamlar heç də “rusofil” deyillər, əksinə onların bəzisi artıq indidən rəsmi Kremli narahat etməyə başlayıb. 

Nə isə, çox irəli qaçmaq lazım deyil – indiyədək gözləmişiksə, bir azacıq da gözlərik...

Qarabağ probleminə gəldikdə isə, təəssüf, məsələ ABŞ siyasəti üçün öndə olmağı vəd etmir. Bundan başqa da xeyli məsələlər vardır. Tramp İranla bağlı Obamanın siyasətinə ciddi düzəlişlər etmək istəyir. 

Bundan savayı Suriya məsələsi, Fələstin-İsrail problemi, hətta Avropada çözüləsi məqamlar var.

Amma bir detal var. Əgər D.Tramp İrana qarşı sərt siyasət yürüdərsə, o halda onun siyasətində Azərbaycanın rolu arta bilər, ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlıq da dərinləşər. 

Amma Azərbaycan bunlara nə qədər hazırdır? Rəsmi Bakı buna nə deyər? Güman etmirik kimsə bu suallara qətiyyətlə “hə” cavabı vermiş olsun.

Məsələ bundadır ki, Ermənistanı çıxmaqla Bakı özünü bölgədəki hər hansı ölkəyə qarşı qoymaq istəmir. Bir tərəfdən bu, yaxşı siyasətdir və başadüşüləndir. 

Fəqət, böyük siyasət deyilən şey də vardır ki, əksər hallarda çox mürəkkəb vəziyyətlər yaradır və buna adekvat davranış tələb edir. Elə o üzdən də bəzən “böyük oyun”lara da qatılmaq zərurəti yaranır. 

Bir daha deyirik ki, rəsmi Bakı əvvəlki dövrlərdə bu cür siyasətə tamamilə biganə olduğunu göstəribdir. Hətta İranın ən çətin vaxtlarında ona qarşı sanksiyalara qoşulmayıb. Bakı, ümumiyyətlə, belə məsələlərdə çox ehtiyatlı siyasət yürüdür. Hətta yadıma gəlir ki, İran – ABŞ münasibətlərinin ən gərgin vaxtlarında bir amerikalı konqresmen Cənubi Azərbaycan problemini qaldırmışdı. Hətta bunun üçün Bakıya da gəlmişdi. Burada ona nə dedilərsə, o, bir daha bu məsələyə qayıtmadı...

Gəl, böyük siyasət statik bir şey deyil və hətta o, da fəsillər kimi dəyişkəndir. Ona görə də kim bilir, bundan sonra hansı hərbi-siyasi alyanslar qurulacaq və ölkələr arasından hansı küləklər əsəcək? Elə ona görə də tələsməyək, məsələni əlahəzrət zamanın öhdəsinə buraxaq...

Qaynarinfo.Az