Xəbər lenti

Dara Massikot: Rusiyanın Xarkov vilayətinə hücumunun dəqiq məqsədləri hələ də bəlli deyil
Dünya 23:31 10.05.2024

Dara Massikot: Rusiyanın Xarkov vilayətinə hücumunun dəqiq məqsədləri hələ də bəlli deyil

Karnegi Fondundan tanınmış hərbi analitik Dara Massikot X sosial şəbəkəsində (keçmiş Twitter) Rusiya hərbçilərinin hücuma başladığı Xarkov vilayətindəki vəziyyətin ekspress təhlilini dərc edib.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.

O, Rusiya ordusunun məqsədləri tam olaraq nədən ibarət olduğuna dair sual edir: "bufer zonası” yaratmağa yönəlmiş məhdud müdaxilə və ya Ukrayna Silahlı qüvvələrini qorxutmaq və diqqətini yayındırmaq cəhdi?

Massikot xatırladır ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi qoşunlarının yeni "Şimal” əməliyyat qrupunun yaradıldığını elan edib və onun komandiri general Aleksandr Lapini təyin edib (2022-ci ildə o, Ukraynaya işğala başlayan "Mərkəz” qrupuna komandanlıq edib).

Ekspertin fikrincə, bütün Xarkov vilayətini ələ keçirmək üçün Rusiya ordusuna 75 mindən 100 minədək hərbçi və ağır texnika lazımdır və onun hazırda belə imkanları yoxdur. Eyni şəkildə, Rusiya ordusunun Xarkovu işğal etmək üçün resursları yoxdur, Massikot qeyd edir.

Bununla belə, Xarkov vilayətində sərhəd yaxınlığında 30 kilometrlik sanitar zona yaratmaq üçün onun hesablamalarına görə, müvafiq zirehli texnika resursu olan 30-40 min hərbi qulluqçu lazımdır.

Massikot yazır ki, Rusiya ordusu hələ də piyada hücumları ilə yanaşı, təyyarə və PUA-lardan istifadə edərək, döyüşə əhəmiyyətli sayda zirehli texnika daxil etməyib. Lakin bunun texnika çatışmazlığındanmı, yoxsa əməliyyatın sonrakı mərhələsində istifadə etmək istəyindənmi olduğu hələ aydın deyil.

Hərbi ekspertin fikrincə, istənilən halda, Xarkov vilayətində hücum Rusiyanın Donetsk vilayətində və ya cəbhənin digər sektorlarında istifadə oluna bilən resurslarını yayındırır. 

Eyni zamanda ekspert Ukraynanın işğal olunmuş rayonlarından qoşunların Xarkov istiqamətinə köçürülməsinin əlamətlərini hiss etməyib. Bu isə onu göstərir ki, bu bölgədəki qruplaşma təcrübəsiz ehtiyat qüvvədən və ya yenidən təşkil edilmiş birləşmələrdən formalaşacaq.

O hesab edir ki, Rusiya Ordusunun məqsədlərini daha yaxşı başa düşmək üçün sərhəddə hansı bölmələrin və resurslarının cəmləşdiyini və onların sayının nə qədər olduğunu öyrənmək lazımdır. 

Onun sözlərinə görə, qaçılmaz olaraq "indiki çətin zamanda" belə problemləri həll etməli olan Ukrayna Silahlı Qüvvələrinin üzərinə daha çox yük düşəcək. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->