Foto 14:24 12.10.2018

Dünyada bənzəri olmayan Rok-Hevn Kilsələri (FOTOLAR)

Şimali Efiopiyanın yaşıllıqlarla örtülü Lalibela qəsəbəsində yerləşən tarixi Rok-Hevn Kilsələri pravaslavların xaç bölgəsi kimi tanınır. Lalibela kiçik qəsəbə olsa da hər il buranı milyonlarla turist ziyarət edir. Bura səssizliyi, ecazkar görünüşü ilə gələnləri özünə valeh edir.

Əddis Əbəbənin 682 km şimalında yerləşən Lalibela qəsəbəsindəki bu tikililər əsrlər öncə vulkanik qaya üzərində çətin şəraitdə oyma işləri aparmaqla yaradılıb. Dünyada ikinci bir oxşarının olmaması kilsələrə daha çox turistin axın etməsinə səbəb olur. Yerli əhali uzun illər bu tikililərin mələklər tərəfindən hazırlandığına inanıb.

Bu da dövrün şərtlərinə görə insan gücü ilə qayadan belə bir abidə yaratmağın mümkün olmaması düşüncəsindən irəli gəlib və ortaya maraqlı əfsanələr çıxıb.

Tarixi 12 və 13-cü əsrlərə gedib çıxan kilsələrin tikilişinə Qüdsün müsəlmanlar tərəfindən fəth edilməsindən sonra kral Lalibelanın göstərişi ilə başlanılıb. Bölgə bu səbəbdən "Yeni Qüds", qəsəbənin adı isə kralın şərəfinə Lalibela adlandırılıb.

Rok Hevn kilsələrində bazilika, açıq yunan xaçı üslublarından istifadə edilib. Kilsələri qeyri-adi edən digər önəmli bir nüans isə tikililərin bünövrədən deyil, üstdən aşağıya doğru hazırlanmasıdır. 21-ci əsrdə belə tətbiq edilə bilinməyən bu tərzin yüz illər öncə istifadə edilməsi həqiqətən heyrətvericidir.

Rok Hevn kilsələrində keçirilən dini mərasimlər zamanı yüzlərlə insan ağ libas geyinərək bura gəlir. 1185-1225-ci illərdə tikilən Müqəddəs Georgi Kilsəsi də bənzərsiz gözəlliyi ilə gələnləri özünə valeh edir. Kənardan baxılanda geniş bir çuxurun içərisində böyük bir xaç təsiri bağışlayır.
 
Lalibelada yerləşən kilsələr bir-birinə yaxın olduğundan buranı gəzmək də olduqca asandır. Hər biri bir-birindən fərqli memarlıq üslubları ilə seçilən Lalibela kilsələri quruluş şəklinə görə 2 yerə bölünür:

Qərb kilsələri: Dünyanın Xilasedici Evi, Məryəm Ana Kilsəsi, Qolqota Mikayıl Evi, Xaç Evi və Virgins Evi
Şərq kilsələri: Emmanuel evi, Müqəddəs Merkuri Evi, Abbot Libanos Evi, Mələklərin Evi, Qabriel və Rafael, Beytüllahim.