Ekonomiks 10:05 28.10.2017

Dünyada ilk dəfə: Asiyalı milyarderlər amerikalıları keçdi

6 trilyon dollar ümumi sərvətə sahib olan Dünya Milyarderlər Klubunda asiyalıların sayı ABŞ milyarderlərinin sayını ilk dəfə keçib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, iqtisadiyyat sahəsi üzrə xidmətlər göstərən "PwC" və "UBS" şirkətlərinin hesabatına əsasən, ötən il sərvətləri azalan dünya milyarderləri bu il sərvətlərini 17% artıraraq ümumi məbləği 6 trilyon dollara çatdırıblar. Milyarderlər klubuna bu il tarixdə ilk dəfə asiyalı biznes sahibləri rəhbərlik edir. Dünya Milyarderlər Klubunun hər 4 üzvündən 3-ü Çin və ya Hindistandandır.

ABŞ siyahıya 25 yeni milyarder əlavə edərək 563 nəfərlə, Asiya isə 117 yeni milyarder əlavə edərək 637 nəfərlə klubda təmsil olunur. Say hesabı ilə Asiya öndə olsa da, sərvətlərinin ümumi miqdarı etibarilə ABŞ 2,8 trilyon dollarla liderdir. 

"UBS" tərəfindən 1550 milyarderin məlumatları analiz edilib və növbəti illərdə asiyalı nümayəndələrin ABŞ milyarderlərini hər cəhətdən geridə qoyacağı proqnozlaşdırılır. 

Çində əmlak qiymətlərinin artması, infrastruktur xərcləri, orta sinfin böyüməsi, yüksək əmtəə qiymətləri, geosiyasi sabitlik sosial rifah səviyyəsini artıran səbəblər arasında göstərilib. 

Avropada isə mühafizəkar biznes mədəniyyəti səbəbilə artım qeydə alınmayıb. Milyarderlərin sayı 342 nəfər olaraq qalıb. 

Sosial məsuliyyət proqramları və xeyriyyəçilik tədbirləri ilə diqqət çəkən milyarderlər idman və sənət sahələrinə pul yatırmağı sevirlər. 1995-ci ildə sənət kolleksiyaçılarının yalnızca 28 nəfəri milyarder idisə, hazırda bu rəqəm 200 nəfərdir və kolleksiyaçıların 3/4-nü əhatə edir.

İlin ən bahalı sənət əsərini yapon milyarder Yusaka Maezva alıb. Milyarder Jan Mişel Basquitin tablosuna 110,5 milyon dollar xərcləyib. 

İdman aləmində 140 böyük idman klubundan 109-nun sahibi milyarderdir. Klub sahiblərinin orta sərvəti 5 milyard dollar, orta yaşları isə 68-dir.

Gülşən
Qaynarinfo.Az