Dünya 13:25 12.01.2018

Dünyanı qarışdıran adam 6 ildir səfirliyində yaşadığı ölkənin vətəndaşı oldu

Ekvadorun İngiltərədəki səfirliyində təxminən 6 ildir yaşayan "Wikileaks" qurucusu Culian Assanca vətəndaşlıq verilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Ekvador xarici işlər naziri Mariya Fernanda Espinoza məsələ ilə açıqlama verərək Assanca vətəndaşlıq verildiyini deyib. O, daha əvvəl Avstraliya vətəndaşı statusunu daşıyırdı. Sentyabr ayında müraciət edən Culian 12 dekabrda müsbət cavab alıb. Xarici işlər naziri həmçinin Culian Assancın təhlükəsizliyinə zəmanət verilmədiyi təqdirdə səfirlik binasını tərk etməyəcəyini də vurğulayıb.

45 yaşlı "Wikileaks" qurucusu İsveçdə 2 qadına təcavüzdə ittiham edilir. 2010-cu ildən bəri təcavüzdə ittiham olunan bu şəxsin İsveçə təhvili barədə İngiltərə məhkəməsi 2012-ci ildə qərar çıxarıb. 

Qeyd edək ki, Culian Assanc ABŞ xarici işlər nazirliyinin çox sayda yazışmasını dünya mediasına sızdıraraq böyük qalmaqala səbəb olmuşdu. Onun səfirliyi tərk edəcəyi təqdirdə ABŞ-a təhvil verilmə ehtimalı da mövcuddur.

İngilis polisi, Ekvador səfirliyinin binasını tərk edəcək Culian barədə verilmiş həbs qərarını icra edəcəklərini daha əvvəl açıqlayıb.

Gülşən