Kitabxana bir şəhərin, bir ölkənin mədəni zənginliyindən xəbər verir. Dünyanın müxtəlif ölkələrindən sizə təqdim edəcəyimiz bu kitabxanalar isə təkcə mədəni zənginlik elementi deyil, eyni zamanda tarix, sənət və memarlıq işi baxımından da göz oxşayır.


Qaynarinfo xüsusi dizaynı ilə diqqət çəkən 6 kitabxananı təqdim edir:


Triniti Kollec Kitabxanası - Dublin, İrlandiya


5 binadan ibarət olan kitabxanada 6 milyondan çox kitab var. Kitabxananın bu siyahıda yer almasına səbəb ovsunlayıcı salonunun olmasıdır. Salon kitabxananın ən qədim binasında yerləşir. "The Long Room" adlı 65 metr uzunluğunda olan geniş salonun hər iki tərəfində döşəmədən tavana qədər kitabla dolu rəflər, koridor boyunca isə məşhur yazıçı Conatan Svift də daxil olmaqla irlandiyalı yazıçıların büstləri sıralanıb.

Kraliça I Elizabetin əmri ilə 1592-ci ildə yaradılan kitabxananın bu binası 1712-ci ildə inşa edilib. 200 mindən çox kitabın olduğu bu bina 1850-ci ildə tam şəkildə dolub. Buna səbəb isə 1801-ci ildə kralın göstərişi ilə yalnız bir neçə kitabxanaya verilən və Birləşmiş Krallıq və İrlandiyada çap olunan kitabların məcburi şəkildə qəbul edilməsi olub. Kitabxananın ən önəmli əsəri İrlandiya və Şotlandiya üçün böyük önəm kəsb edən latınca yazılmış rəsmli "Book of Kells" adlı əlyazmadır. "Star Wars" filmlərindəki "Cedi arxivləri"nin bu kitabxanadan ilhamlanaraq yaradıldığı bildirilir.


Müasir İsgəndəriyyə Kitabxanası - İsgəndəriyyə, Misir


Dünyanın 7 möcüzəsindən biri olan qədim İsgəndəriyyə kitabxanası 1600-cü ildə yanaraq kül olub. Bu mədəni itkiyə baxmayaraq Aralıq dənizinin sahilində yerləşən İsgəndəriyyə şəhəri bu günə qədər mədəniyyət mərkəzlərindən biri olma xüsusiyyətini qoruyub. Antik Kitabxana xatirəsini yaşatmaq üçün 2002-ci ildə Aralıq dənizinin sahilində Müasir İsgəndəriyyə Kitabxanası inşa olunub. Binanın xarici 100-dən çox dildə olan hərf və simvollarla bəzədilib. Disk şəklində olan kitabxana Misir və Şimali Afrikanın ən əhəmiyyətli mədəniyyət mərkəzlərində biri kimi tanınır. Cümə və Şənbə günləri istisna olmaqla hər gün fəaliyyət göstərən kitabxanada 4 muzey, araşdırma mərkəzi və planetarium var.


"Qara Almas" Kral Kitabxanası - Kopenhagen, Danimarka


Binanın tikintisində cilalanmış qara qranitdən istifadə edildiyi və kənardan baxılanda kəsilmiş almasa bənzədiyi üçün kitabxanaya "Qara Almas" adlı verilib. Kral Kitabxanasına əlavə olaraq 1999-cu ildə inşa edilən binanın divarlarının güzgülü sənət əsəri olması həm içərinin işıqlı olmasını, həm də çöldəki möhtəşəm mənzərənin içəridən görülməsini təmin edir.


Danimarkalı memar Şmit Hammer Lassenin işi olan kitabxana binasında Milli Foto və Milli Karikatura Muzeyləri var. Binanın C mərtəbəsində məşhur danimarkalı sənətçi Per Kirkebinin 210 metrlik rəsmi diqqət çəkir. Kitabxana hər gün 13:00-da məşhur danimarkalı bəstəkar Fuzzinin "Kataloq" adlı elektro-akustik əsərini səsləndirərək oxuculara istirahət vaxtı olduğunu xatırladır.


Klementinium kitabxanası - Praqa, Çexiya

 

Tarixi filmlərdən qopub gəlmiş kimi görünən kitabxananın gerçək olduğuna inanmaq olduqca çətindir. Borxes "Gizli Möcüzə" kitabında buranı "Kitabxanaçıların 400 min kitabın səhifələri arasında Tanrını axtardığı yer" olaraq təsvir edib. Kitabxana və tanrı bənzətməsi heç də təsadüfi deyil. Çünki kitabxananın təməli Avropanın bir çox yerlərində olanın əksinə kral tərəfindən deyil, cizvitlər adlı xristian təriqətinin üzvləri tərəfindən qoyulub. Deyilənə görə 1622-ci ildə inşası başlanılan kitabxana üçün yalnız 1 nüsxə kitab olub, lakin bina tamamlandığında isə nəşrlərin sayı 20 minə çatıb. Kitabxanadakı divar rəsmləri, mərmər döşəmə, oyma sütunlar, əsas salonu bəzəyən qədim yer kürələri, saatlar və bir çox kitab üzərində olan işarələr 17-18-ci əsrlərə dayanır.


Portuqaliya Kral Oxu Otağı - Rio-de Janeyro, Braziliya

Kitabxananın təməli 1837-ci ildə Portuqaliyadan Braziliyaya köç edən bir qrup şəxs tərəfindən atılsa da inşası 1880-ci ildə tamamlanıb. Kitabxananın sütunlarında Şahzadə Herri, Vasqo de Qama və Pedro Alvares Kabral kimi portuqaliya səyyahlarının rəsmlərinin əks olunmasının səbəbi də kitabxananın portuqaliyalı köçkünlər tərəfindən tikilməsidir. 350 min kitabın olduğu Oxu Evi Portuqaliyadan kənarda portuqal dilində olan ən geniş kolleksiyadır.

 

Ştutqart Şəhər Kitabxanası - Ştutqart, Almaniya

 

Kənardan baxanda kobud və monolitik bir kuba bənzədə bilərsiniz, amma 9 mərtəbəli bu bina içəri daxil olarkən sizi olduqca təəccübləndirəcək. Koreya əsilli Eun Younq Yinin əsəri olan kitabxananın içərisi ağappaq dizaynı, güzgü tavanı və tərs piramida şəklindəki mərkəz boşluğu ilə işıqlanmanı tam təmin edir və oxuyan, araşdırma aparan, bir sözlə kitabxanaya gələn hər kəsə böyük zövq verir. 2011-ci ildə inşa edilən kitabxana gecə vaxtı mavi işıqlarla işıqlandırılır. Kitabxananın "Yuxusuzlar üçün Kitabxana" şöbəsi gecə boyunca açıq qalır.

 
Çingiz Səfərli