Foto 15:59 04.12.2017

Domino oynayan satıcılar, 50 qəpiyə sarımsaq, 20 manata qoz... (REPORTAJ)

Belə bir deyim var ki, yaxşı məhsulun, yaxşı da qiyməti olar. Necə deyərlər keyfiyyətli məhsul almaq istəyirsənsə, gərək bir az artıq xərcləyəsən. 

Müştərilər, "Bazar od tutub yanır, bahaçılıqdı. Aldığımız əməkhaqqı birinə çatanda, o birinə çatmır...", deyə qiymətlərin bahalılığından gileylənir, satıcılar isə müştəri azlığından.

Bura paytaxtın ən böyük bazarlarından olan "Yaşıl Bazar"dır. Digər bazarlarla müqayisədə qiymətlər bir az baha olsa da, məhsulların keyfiyyətinə söz ola bilməz. Bazar adamları heçdən demirlər ki, "Yaxşı məhsul almaq istəyirsənsə, gərək "Yaşıl Bazar"a gedəsən". Burada meyvəsindən lavaşına, ləpəsindən yumurtasına qədər hər şey tapmaq mümkündür...
 
Biz də vəziyyətlə yaxından tanış olmaq, qiymətlərlə maraqlanmaq üçün "Yaşıl Bazar"a kiçik bir ekskursiya etdik.
 
Düzü filmdə alma almaya bənzədilsə də, qiymətlər bunun tamam əksini deyir. Belə ki, bazarda kilosu 1.5 manata da alma satılır, 4-5 manata da. 

Piştaxtaların qarşısı ilə bazarı gəzirik: ədədi 50 qəpiyə sarımsaq, 15-20 manata qoz ləpəsi, 7-8 dəstəsi 1 manata göyərti, 2 manatdan 4 manata qədər mandarin, bir sözlə istənilən qiymətə istənilən məhsul almaq olar. Nar satan satıcı piştaxtanın yanına şirəçəkən maşın da qoymuşdu. Stəkanı 1 manata, tam təbii və qatqısız...

Bazarda satıcıların üzü gülsə də, müştəri azlığı öz sözünü deyirdi. Vəziyyət elə acınacaqlı idi ki, hətta bəzi satıcılar bir kənara çəkilib domino oynayırdı. Satıcılardan biri deyir ki, "Gördüyünüz kimi günümüz budur. Səhərdən axşama qədər 5-10 manat qazana biliriksə, sevinirik". Nə deyək, təki bazar olsun!

Çingiz Səfərli
Foto: Sultana Əhmədbəyli