Hüseynbala Səlimov

Ağrı hiss edirsinizsə, deməli yaşayırsınız - ölülər ağrı hiss etmir... 

Bəlkə də bir azca bəsit, bir azacıq da "çeynənmiş” deyim təsiri bağışlayan bu fikir mənim heç yadıma da düşməzdi. Gəl, bu yaxınlarda ABŞ-ın dəniz piyadalarına həsr olunmuş bir filmə baxırdım. 

Baxırdım, deyəndə ki, cəmi bir-iki dəqiqə seyr edib televizoru söndürdüm, amma elə bir-iki dəqiqə ərzində filmdə hərbi təlimatçının əsgərlərə dediyi və mənim də yazının əvvəlində səsləndirdiyim fikir diqqətimi cəlb etdi...

Sözsüz, hərbi təlimatçı bunu sırf fiziki bir mənada deyirdi. Amma mənəvi ağrılar da olur və kim bilməsə də, biz yazı adamları çox yaxşıca bilirik ki, bəzən elə yazılar olur ki, yazdıqca bütün əzaların sızıldayır...

Yazmaq istədiyin, amma ki, yaza bilmədiyin yazıların ağrısı isə lap bedtər  olur, adamın içini göynədir. Elə bil ki, ürəyində bir daş olub asılı qalır onlar və onu daim özünlə gəzdirməli olursan... 

O, həm də sanki bir vicdan əzabına, vicdan ağrısına çevrilir – bu isə heç də qəlb ağrısından geri qalımır...

Nə isə... Bədbin gileylərlə və bitməz–tükənməz şikayətlərlə yormayacam sizi. Onsuz da "Kişi, düzələn deyil bu Dünya!”–deməyə alışmısınız. Xəbəriniz də yoxdur ki, Dünya çoxdan düzəlib, düzəlməyən, bir az əyri qalan bizik, çünki bitəndə əyri bitmişik...   

Elə ən dəhşətlisi də odur olur ki, birdən, qəfil ağlına gəlir ki, ay aman,  bir gün bu Dünya tamam – kamal düzələ bilər. Amma sənin ondan seçib ayırdığın kiçik məmləkət düzələcəkmi? Sənin də aid olduğun və özünü  ayrı təsəvvür etmədiyin cəmiyyət düzələcəkmi?..

Bax, çərxi-Gərdişin qəlizliyi də bundadır. Lap məşhur bir mahnıda deyildiyi kimi: Dünya cənnətə dönsə də... Bəli, sanki qeybdən səs gəlir ki, əşi, Dünya cənnətə dönsə də buralar dəyişməyəcək və ya çox az dəyişəcək, çünki özümüz belə istəyirik– hətta ən adidən də adi insanımız yeni qaydalara alışmaq, 21-ci əsrin məntiqinə uyğun yaşamaq istəmir, az çalışıb, saz yaşamaq, ilk fürsətdə "qaz vurub qazan doldurmaq” istəyir. 

Niyə deyirəm bütün bunları? Niyə gedib özümə başqa iş tapmır, sizləri də, özümü də əcaib–qəraib fikirlərlə yoruram? Heç darıxmayın, gələcəm mətləb üstünə. 

Yaxınlarda gözüm bir yazının başlığına sataşdı. Qərəz, bizim "fəal” ictimai–siyasi "xadim”lərdən biri ərz edirdi ki, bəs Azərbaycan Avropa Şurası ilə münasibətlərinə yenidən baxmalıdır. Hirsimdən yalnız başlığı oxudum...

Bilirəm, deyəcəksiniz ki, əşi, nədir bu? Bu ölkədə elə şeylər yazılır, elə sözlər deyilir ki...

Haqlısınız. Amma biçarə bəndənizə elə gəlir ki, "elə şey”lərdən biri də budur– çox insanlarımız həsrətindədir ki, Azərbaycan Avropa institutları ilə tamam–kamal üzülüşsün və daha hansısa Avropa institutu durub hətta deməsin ki, Azərbaycanda da yazdan-yaydan sonra payız-qış gəlir, çünki özümüzü inandırmışıq ki, bizim diyarda həmişə yaz, bahardır. 

Həmişə narazı Avropa institutları, ələlxüsus da onun Şurası bəzən bizimlə razılaşmır, elə hey opponentlik edir, daxili nizamımızı pozmağa çalışır.

Razıyam, çox vaxt bunlar qərəzsiz də olmur, çünki Avropa Şurasında da bir xeyli insan toplaşıb və onların da arasında müxtəlif siyasi təmayüllərə və cinahlara aid olanlar var. 

Hələ onu demirəm ki, son vaxtlar Avropanın "siyasi landşaft”ında ən xoşagəlməz tendensiyalar sezilir, islamofobiya güclənir, əgər belə demək mümkünsə, Avropa da monokonfessial  "xristian diyarı” olmağa can atır. 

Xüsusən də qurumun Baş katibinin son bəyanatı ciddi məntiq çərçivələrinə gətirilə bilmir. Həm də Azərbaycanı Avropadan qovmaq yox, əsl Avropa ölkəsinə çevirmək lazımdır.  

Amma etiraf etmək lazımdır ki, bizdə də vəziyyət ideal deyildir. Yox, elə özüm də dəfərlərlə yazmışam ki, indi Dünya o qədər irəliləyibdir ki, inkişafı bir qitə ilə, hətta Avropa ilə məhdudlaşdırmaq o qədər də düzgün məntiqli səslənmir. Fəqət, inkişaf da çox mənalar kəsb edir. Bəli, indi iqtisadi– texnoloji inkişafın coğrafiyası böyüyübdür – buna söz yox. 

Di gəl, siyasi mədəniyyət də inkişafın mühüm komponenti olmaq gücündə və əzmindədir. Bu mədəniyyətin coğrafiyası isə əsasən Avropa və bir də ABŞ-la məhdudlaşır.

Gəlin, bircə anlığa düşünək. Lap tutaq ki, Avropa institutları ilə tamam – kamal üzülüşdük. Üz tutduq Şərqə tərəf. Lap başımıza da bir çalma taxıb dönüb olduq "ərəb”!.. 

Sonra? Sonra nə olacaqdır? Sizlərdən soruşuram ki, axı sonra nə olacaqdır? Cənnətmi tapacağıq? Yaxud da xoşbəxt olacağıq? Yoxsa ki, hamımız İraqa-fialana qaçıb İŞİD-in dəstələrinə qoşulacağıq?..  

Hələ onu demirəm ki, Şərqin böyük demoqrafik göstəriciləri, iqtisadi resursları olsa da, hələki bu region Dünyanın siyasi ab–havasını müəyyən etmir və bunun bir səbəbi ən yüksək texnologiyaların yenə də Qərbin sərəncamında qalmasıdırsa, digər səbəbi də yenə də həmin Qərb deyilən çox güclü geosiyasi vahidin hərbi güc baxımından əlçatmaz bir səviyyədə qərar tutmasıdır. 

Bəli, tutaq ki, lap getdik Avropanın institutlarından. Və daha bir mühüm tribunanı da verdik ermənilərə! Nə olacaq? Heç bu haqda düşünürükmü?

Bəli, Avropanı çox şeydə qınamaq olardı, ən azı da Dağlıq Qarabağ probleminə görə! O, heç də həmişə prinsipial bir hakim, arxa çevirərək daim arxayın olmalı partnyor və yaxud da ki, bizim dildə desək, tərəfdaş deyil, daha çox özünün çeşidli geosiyasi maraqlarını güdür. 

Təbii, Avropanın Kataloniya və Şotlandliya separatizminə, hətta Ukraynadakı son proseslərə bir münasibət sərgiləməsi, Dağlıq Qarabağ probleminə isə tamamilə başqa münasibət göstərməsi bizi də çox məyus edir. Amma Avropanın, bütünlükdə Qərbin günahları heç bir halda Rusiyanınkı ilə müqayisəyə gəlməz...     

Fəqət, çox təəssüf ki, bizim insanlar hələ də Rusiyaya inamlarını saxlayırlar. Hətta Avropadan uzaqlaşmaqdan söz düşəndə də qayıdırlar ki, əşi, Rusiya da var! Olsun. Artıq heç nə deməyəcəm. Cəmi bircə faktı verəcəm sərəncamınıza. Bir dəfə bir rusiyalı iqtisadçının yazısını oxuyurdum. Yazırdı ki, cəmi Rusiyanın iqtisadi potensialı ABŞ-ın bircə ştatının–Kaliforniyanın potensialı qədər də deyil...

Aydın oldumu? Kaliforniyanın iqtisadiyyatı qədər deyildir! İndi nəticəni özünüz çıxarın...

Qaynarinfo.Az