Bu günki virtual müsahibim 1892-ci il may ayının 5-də Şəmkir dairəsinin Seyfəli kəndində dünyaya göz açan, dövlət himnimizin sözlərinin müəllifi olaraq tanıdığımız və məşhur "Çırpınırdın, Qara Dəniz” kimi möhtəşəm əsərlərin müəllifi olan  

- Əhməd Cavad...
- Bəli, repressiya qurbanı, Əhməd Cavad.

- Əhməd Cavad kimdir?
- Soranlara, bən bu yurdun anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin "Haqq!" bağıran səsiyəm!

- "Haqq” səsinə ölüm hökmünü kim verdi?
- 1937-ci ildə Yazıçılar İttifaqı və Mərkəzi Komitənin plenum iclası keçirildi. S.Şamilov iclasın sədri idi. Səsləndirilən ittihamlara susa bilməyib iclas nümayəndələrini vicdana, haqqa gəlmələrini istədim. İclasın məruzəçisi Səməd Vurğun mənə vicdandan danışmamağı məsləhət görərək, üzünü zala tutub "...Cavad üçün hər bir şərait yaradıldı, sənə Azərbaycan Sovet Yazıçılar İttifaqının kitabçası verildi, böylə bir mötəbər təşkilatın üzvü oldun. Sistematik olaraq bu vaхta qədər yoldaşlar sənin nöqsanını göstərdilər. Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, fikrini dəyişmək istəməmisən. Buna görə biz son sözümüzü deməliyik. Buna obyektiv tariх şahiddir. Biz qətiyyən səni qəsd ilə həlak etmək fikrində olmamışıq. 17 il sənə şərait yaratdıqdan sonra məcbur olduq ki, sənə son sözü deyək" dedi.
 
 

- Əhməd Cavad Mircəfər Bağırovu haradan tanıyır? 
- Mircəfər müəllim yoldaşlarımdan idi. Hüseyn, Mircəfər və mən yaxın dost olmuşuq. Tez-tez çörək kəsərdik. Evimə gəlib-gedərdilər. Mircəfər həmişə yoldaşım Şükriyyə xanımın yeməklərinə, mənim şeirlərimə tərif deyərdi. Sonuncu dəfə bizə gələndə yenidən ata olacağıma işarə edərək, "Cavad, oğlun olsa, ona knyaz babasının adını qoyarsan” dedi. "Bu dəfə oğlum olsa, Aydın qoyacağam” dedim.  Bilərsiniz, Cəfər Cabbarlının "Aydın” əsərinin adını mən vermişəm. Qızımın adı da çox xoşuna gəlir. Deyir, "Almaz ən böyük qadın qəhrəmanına yaraşan addır”. Cəfər məni tərifləyir ki, ad seçməkdə əvəzin yoxdur (gülür). Amma həmişə Mircəfər gedəndən içimə qəribə narahatlıq çökərdi. Şükriyyə Mircəfərin son gəlişində daha narahat olduğumu görüb nə baş verdiyini soruşdu: "Bilmirəm, Şükrü, nədənsə, bu Mircəfərdən heç gözüm su içmir. Birtəhər adama oxşayır. Dostluqdan, etibardan dəm vurur, ancaq baxırsan, gözləri, baxışları heç durulmur" demişdim. Sonralar SSR-nin birinci katibi vəzifəsində işləyən "dostum” Mircəfərin qapısının ağzında saatlarla, günlərlə gözləyəndə bu günlər yadıma düşürdü. Elə 1923-cü ildə ilk dəfə "dostum"un hökmüylə həbs olunmuşdum. O vaxt Məmməd Əmin Rəsulzadənin dostu, silahdaşı Mirzəbala Məmmədzadəni Türkiyəyə qaçırmaqda suçlanırdım. Müstəntiq dindirməsində qəflətən yanımızda hələ ki, Fövqəladə Komissiyanın adından hökmlər verən Mircəfər peyda oldu. Üz-gözündən zəhər yağırdı. Yadına haradansa "Xuluqda" şeirini salıb: "Sən bu şeirinlə qubalıları ələ salmısan” dedi. Mən də cavab verdim ki, "Bu şeiri sənin yanında, Vələş çayının qırağında qoşub, ilk dəfə sənə oxudum ki, fikrini bildirəsən. Onda məni qucaqlayıb öpdün, təbrik edib dedin ki, bu şeirdə bizim vəziyyətimizi tamamilə doğru-dürüst təsvir etmisən. İradların vardısa, o zaman niyə demədin? Axı mənim yazdıqlarım Quran ayəsi deyil ki, dəyişdirilməsi mümkün olmasın. Deyəydin, düzəldəydim. Bağırov əsəbi halda müstəntiqə bağırdı: "Hələ bunu ağıllandırmamısınız? Yenə söz güləşdirir, bizə dərs verir. Buna otuz zopa vurun. Adını da "Qırmızı siyahı"ya salın!”
Onda Qubanın Maarif şöbəsinin müdiri vəzifəsində çalışan digər dostumuz Hüseyn Musayev dadıma yetişmişdi. Onun xahişi ilə Mircəfər məni azadlığa buraxdı. Azadlığa çıxdıqdan sonra öyrəndim ki, "Qırmızı siyahı" Şura hökumətinin ölüm dəftəridir.

- Azadlığa çıxdıqdan sonra Əhməd Cavad "haqq” yoluna gəldimi?
- Çıxış yolunu susmaqda gördüm. Onda da məni "Sandıq ədəbiyyatının banisi” adlandıraraq tənqid etdilər. 1925-ci ildə "Göy göl” şeirini yazıb mətbuatda dərc etdirdim. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu şeiri oxuyub heyran qalmışdı, hətta haqqımda "Kim deyə bilər ki, Azərbaycanın Puşkini yoxdur? Var, özü də lap yaxşısından!" demişdi. Lakin çox keçmədi ki, "Qızıl Qələmlər”cəmiyyətinin sovet şairləri Ağamalıoğlunu şeirin sovetlərə qarşı yazıldığına inandırıb yenidən həbsimə hökm verdirdilər. Moskvada şeiri təhlil edib siyasi səhv tapılmadığı barədə məlumat göndərsələr də, həbsdən azad olunmadım. Əbdürrəhim bəy Haqverdiyev, Hüseynbala Sarabski haqqımda mətbuatda müsbət yazılar yazsalar da, adım artıq "Qırmızı siyahı”da idi. 

- Həyat yoldaşınız Şükriyyə xanım...
- Şükriyyə xanım türk əsilli acar Süleyman bəy Bejanoğlunun qızı idi. Süleyman bəy çox sərt və zəhmli kişi idi. Bir gün dostlarımı yığıb onlara elçi getdim. Süleyman bəy isə "Cavadı tanıyıram, gözəl şairdir, amma mən qızılbaşa qız vermərəm!” dedi. Mən də ürəyimdə "Verməzsən, qaçırdaram” dedim (gülür). Səhəri gün Şükriyyə bulaq başında olanda gedib mənimlə gəlməsini xahiş etdim. O da razılaşdı. Bakıya gəldik və evləndik. İlk övladım doğulandan sonra Batumiyə gedib Şükriyyənin ailəsi ilə barışdıq. Qısacası,
 
Şükriyyə taleyim, şükür Xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya?!
Dolub ürəyimə bu dadlı xülya
Yaşaya bilmərəm bir kərəm sənsiz!
 


Bu sevginin tarixçəsini bir də Şükriyyə xanımın dilindən eşidək: "Novruz bayramına az qalırdı, səhər-səhər suya getmişdim. Elə təzəcə bulağa çatmışdım ki, haradansa o, yanımda peyda oldu. "Səni aparsam, mənimlə gedərsənmi?" Diksindim, sonra anladım ki, başqa yol yoxdur. Dedim, bir azdan atam yığıncaqda iştirak etmək üçün evdən çıxacaq, gələrəm, gedərik. Günortaya yaxın gəldim. Cavad neçə saatdır durduğu yerdə bitib qalmışdı. Çox həyəcanlı görünürdü... Piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxdıq, faytona mindik. Onunla ilk dəfə yan-yana oturduq. Birdən məni dəli bir ağlamaq tutdu. Mənə elə gəldi, doğma şəhərimi bir də ömrüm boyu görməyəcəm. Mənim ağlamağım onu da ağlatdı. Gəncədə toyumuz oldu. Biz Cavadın ata yurduna – Seyfəli kəndinin Mehirli tirəsinə gəlmişdik. Burda Cavadın beş hektardan artıq ata torpağı vardı. Biz sonralar bu torpağı əkib-becərənlərin verdiyi pulla dolanırdıq. Cavadın ata mülkünə qədəm basdığım birinci günü, ara sakitləşəndə, qohumlar, dostlar çəkilib gedəndən sonra o mənə dedi ki, Şükrü, bu gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır. Səndən xahiş edirəm, mənə etdiyin qədər onlara hörmətlə, nəzakətlə yanaş. Lap ayaqqabıları palçıqlı-palçıqlı evin yuxarı başına keçsələr də, birinin də xətrinə dəymə. Onların ürəyi gül kimidir. Qoy bizim evin qapıları həmişə onların üzünə açıq olsun, öz evləri kimi gəlib-getsinlər. Onların uşaqlarını oxudaq, məktəbə, universitetə düzəldək. Onların çarıqları, qaloşları, batavaları səni ürkütməsin... Mən Cavadın sözlərini qulaqlarımdan sırğa edib asdım. Cavad və mən həbs olunandan sonra həmin adamlar onlarca uşaq evinə gedib bizim uşaqları axtarıb tapdılar, onları ölüb-itməyə qoymadılar. Yaxşılıq yerdə qalmaz. Körpə Yılmaza ata-ana oldular".

Nərmin Həsənli