Ölkə 16:40 11.10.2013

Əkrəm Əylisli Cəmil Həsənlidən danışdı


Tanınmış yazıçı Əkrəm Əylisli Ziyalılar Forumunda birgə olduğu Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənlinin məğlubiyyətinə münasibət bildirmək istəməyib. 

Siyasi məsələlərdən uzaq olduğunu deyən Ə.Əylisli Modern.az saytına açıqlamasında “Cəmil Həsənliyə böyük hörmətim var, amma gəlin siyasətdən danışmayaq” deyib.  Bununla belə, yazıçı prezidentliyə namizəd olduğuna görə Cəmil Həsənliyə edilən yersiz hücumlar barədə danışıb:

“Cəmil bəy böyük siyasətə qoşuldu. Onun işlərinə qarışa bilmərəm. O özü bu yolu seçdi. Cəmil Həsənliyə ancaq uğurlar arzulayıram. Onunla gözəl münasibətlərimiz olub, heç vaxt mən Cəmil bəyə pis şey arzulaya bilmərəm. Siyasi mövqeyinə görə insanlıq münasibətlərini pozanlar çox nadürüst adamlardır. Sən kiminsə siyasi əqidəsini bölüşə də bilərsən, bölüşməyə də bilərsən. Amma insanlıq münasibətlərini silmək əsl nadanlıqdır. Nolsun ki, Cəmil Həsənli siyasətlə məşğuldur, onunla çörək kəsmişik. Bunu heç vaxt unuda bilmərəm. Təbii ki, bu onun istəyidir ki, prezident olsun. Biz də buna hörmət etməyi bacarmalıyıq”-deyə Ə.Əylisli vurğulayıb.

Qalmaqallı yazıçı seçkilərdə hansı namizədə səs verdiyindən danışmaq istəməyib. “Mən siyasi mövzuda artıq danışmıram. Öz işlərimdən danışa bilərəm”.

Yazıçı son qalmaqaldan sonra ziyalı dostları ilə vaxtaşırı əlaqə saxlamadığını deyib. Hazırda yeni əsərlər üzərində işlədiyini bildirən Ə.Əlisli vaxtını daha çox evdə işləməklə keçirdiyini qeyd edib. 

“Dostlarla çox vaxt görüşə bilmirəm. Bir başı qisminin siyasətə qarışıb, mən özüm də işlərimlə məşğuldur. Bu baxımdan dost-tanışla sıx əlaqələrim yoxdur. Ümumiyyətlə işləyəndə görüşlərdən qaçıram, özümə qapanıram. İnsan üçün ən böyük rəzalət qorxaqlıqdır. Bundan böyük utanc ola bilməz. Hazırda yeni yazılar üzərinə işləyirəm. Bütün diqqətimi işlərimə həsr etmişəm” - deyə Ə.Əylisli bildirib.

Qaynar.info