Ekonomiks 15:10 20.02.2018

Ekspert: "Bir ailənin orta hesabla kirayə xərci 350-400 manatdır"

"Bakıda bir ailənin normal şəraitli ev üçün kirayə xərci 350-400 manatdır".

Bunu Qaynarinfo-ya əmlak eksperti Nüsrət İbrahimov deyib. O, ilin əvvəlindən kirayə bazarında qiymət artımının müşahidə olunduğunu vurğulayıb:

"Ötən ilin sonundan və bu ilin yanvarından etibarən kirayə bazarında artım müşahidə olunur. Yanvar ayında bu artım 3,57 faiz olub. Bazardakı artım 3 səbəbdəndir:

1. Tələb artımı - Paytaxtın bir sıra yerlərində köhnə tikililərin yeniləri ilə əvəzlənməsi istiqamətində həyata keçirilən pilot layihələr hesabına əhali kirayələrə köçürülür.

2. Kirayə bazarında ucuz evlərin sayının azalması - Məsələn, "Kubinka"da, "Alatava"da, "Sovetski"də və s. yerlərdə ucuz qiymətə kirayə verilən evlər son bir neçə ildə söküntü obyektinə çüvrildiyi üçün oradan çıxan kirayənişinlər məcbur olaraq daha bahalı mənzillərə köçüblər. Bu da orta qiymətin artımına gətirib çıxarır. 

3. 2015-2016-cı ildə bazardakı böyük qiymət azalmasının stabilləşməsi - Bəzi yerlərdə bu azalma 30 faizə qədər çatmışdı. İndi həmin azalmanın bərpa prosesi gedir. Belə desək, kirayə qiymətləri ilə, satış qiymətləri arasında bir tarazlıq, asılılıq var. 2015-2016-cı illərdə satış qiymətləri stabil qalsa da kirayə qiymətləri düşmüşdü. İndi həmin stabilliyin bərpası prosesi gedir".
 
Çingiz Səfərli