Xəbər lenti

Ekonomiks 16:43 17.10.2019

Ekspert: “Görünən odur ki, prezident kifayət qədər məlumatlandırılıb”

"Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır”. 

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev ilin 9 ayının yekunlarına həsr olunmuş iqtisadi müşavirədə deyib. Ölkə başçsı bir sıra ciddi mesajlar verdiyi müşavirədə büdcə xərclərinin şişirdilməsindən, səmərəsiz xərclənməsindən danışarkən bildirib: 



"Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik. Ona görə qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən bu məsələyə həsr olunub. Ona görə istərdim ki, indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin”.



Müşavirədə kifayət qədər sərt fikirlər səsləndirən ölkə rəhbəri elə dünən Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılması haqqında fərman imzaladı. Xatırladaq ki, 2019-cu ilin 6 ayının iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də maliyyə naziri Samir Şərifov dövlət əsaslı vəsait qoyuluşlarının və dövlət zəmanətli kreditlərin xərclənməsində problemlər olduğunu dilə gətirmişdi. "Bu il 5,98 milyard manatlıq dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin hələ ki, 37%-i 6 ay ərzində icra olunub” deyən nazir bunun bəzi obyektiv səbəbləri olduğunu dilə gətirməklə yanaşı, subyektiv səbəblər haqda da danışmışdı: "Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna - noyabr-dekabr aylarına təsadüf etməsin”, - deyə nazir əlavə edib. 

Yeni agentliyin yaradılması zərurətindən və vəziyyətin necə dəyişəcəyindən danışan iqtisadçı ekspert Nazim Bəydəmirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu istiqamətdə təklifləri hələ parlamentdə təmsil olunarkən səsləndirib: 



"Təxminən 2009-cu ildə iqtisadi böhran ərəfəsində dövlət zəmanəti ilə alınmış borcların borcalanlar tərəfindən ödənilməsinin modeli hazırlanaraq büdcə təsnifatında ayrıca bir maddə olaraq yerləşdirilmişdi. Səbəb dövlət borcunun dövlət büdcəsi hesabına yox, borcalanlar tərəfindən büdcəyə ödənilən vəsait hesabına ödənilməsini təmin etmək idi. Burada diqqət daha çox su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı "Azərsu”ya verilmiş kreditlərin üzərində idi. Onlar müxtəlif beynəlxalq qurumlardan alırdı və o qurumların şərti o idi ki, şəffaflıq olsun və sayğaclaşma-filan şəffaf aparılsın. Çox təəssüf edirəm ki, bu illər ərzində dövlət borcuna xidmətlə bağlı ciddi irəliləyiş əldə olunmayıb. Dövlət borcları artmaqda davam edir. Əsas borc götürənlər sırasında isə daha çox iri vergiödəyiciləri adlandırdığımız şirkətlərin adları var. Hansı ki, bu şirkətlər dövlət büdcəsindən subsidiya alırlar, vergiləri tam ödəmirlər. Bu baxımdan dövlətdən borc alanların məsuliyyətini artırmaq üçün belə bir agentliyin yaradılması, yaxud onun strukturunun dəyişdirilməsi, daha işlək vəziyyətə gətirilməsi əslində zamanın tələbidir. Bu şirkətlərin borcları sabah bizim vergilərimiz hesabına ödəniləcək. Çox təəssüf edirəm ki, iri vergi ödəyiciləri adlandırdığımız şirkətlərin rəhbərliyi, menecmenti üzərində doğru-dürüst nəzarət olmadığından onlar ciddi xərcləmələrə gedirlər, layihələr şişirdilir, sonra da kağız üzərində tenderlər keçirilir, "Dövlət satınalmaları haqqında” qanun kobud şəkildə pozulur. Yoxlayıcı orqanlar, Maliyyə Nazirliyi, Hesablama Palatası və digərləri əvvəllər buna göz yumurdular. Ancaq görünən odur ki, cənab prezident kifayət qədər məlumatlandırılıb və bu sahədə ciddi dönüş etmək istəyirlər”.

O ki qaldı problemin həllini tapıb-tapmayacağına, ekspertin sözlərinə görə, Nazirlər Kabineti çevik bir vəziyyətə gətirilməlidir: 

"Hesab edirəm ki, Gürcüstan nümunəsi tətbiq olunmalıdır. Baş nazirin müavinləri postu ləğv edilməlidir. Baş nazirin müavini ilin prioritetinə uyğun olaraq nazirlərin içərisindən ictimai əsaslarla təyin olunmalıdır və onun funksiyası koordinasiya rolunu oynamalıdır. Eyni zamanda qeyd edim ki, NK-ya daha çox Prezident Administrasiyasının müxtəlif şöbələri, prezidentin köməkçiləri nəzarət edirlər, bu, ikili nəzarətdir, ikili idarəetmədir və bürokratik sistemdir. Ona görə də PA-nın özünün strukturunun dəyişdirilməsinə ehtiyac var, mənim fikrimcə, bu qurum dəftərxana və protokol xidməti səviyyəsinə gətirilməlidir. NK-nın iqtisadiyyatla məşğul olmaq üçün daxildə səlahiyyətləri artırılmalıdır. Ayrı-ayrı agentliklərin yaradılması, müxtəlif nazirliklərin tərkibində MMC-lər, səhmdar cəmiyyətlər yaradaraq iqtisadi fəaliyyətlə məşğul olmaq tendensiyasına son qoyulması da problemdən çıxış yollarından biri ola bilər. İqtisadiyyatı şəffaflaşdırmaq lazımdır ki, bu da müxtəlif məsələlərdən, o cümlədən məmur sahibkarlığının ləğvindən keçir”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->