Dünya 12:57 25.11.2017

Ərdoğan Putinlə görüşdən sonra Trampla nələri müzakirə etdi?

Ağ Ev ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlər danışıq zamanı Suriya və Yaxın Şərq məsələsini müzakirə ediblər.

"Prezident Donald Tramp Rəqqə əməliyyatlarının tamamlanması və İŞİD-in geri qayıtmaması üçün daha ciddi tədbirlərin alınması ilə bağlı, həmçinin Suriyadakı müttəfiq güclərə göndəriləcək hərbi yardımla əlaqədar prezident Ərdoğanı məlumatlandırıb. Hər iki ölkə başçısı bölgədəki təhlükəsizliyi təhdid edən terror təşkilatlarına qarşı mübarizədə ABŞ və Türkiyə arasındakı strateji tərəfdaşlığın önəmindən də danışıblar", - deyə Ağ Evin yaydığı məlumatda bildirilib.

Açıqlamada həmçinin qeyd olunur ki, həm Ərdoğan, həm də Tramp Suriyadakı vətəndaş müharibəsinin sona çatdırılması üzrə BMT Təhlükəsizlik Şurasının qərarlarını və Cenevrə konvensiyalarını dəstəklədiklərini vurğulayıblar.

Danışıqlar zamanı iki lider arasında ABŞ-dan hərbi texnikaların alınması məsələsi də müzakirə edilib.