İdman 19:03 06.10.2017

Erməni cüdoçu: «Azərbaycanlılarla birgə xoş günlərimiz...»

2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarının qalibi, cüdoçu Arsen Qalstyan Azərbaycan idmançılarını yaxından tanıdığını bildirib.

"Qaynarinfo" axar.az-a istinadən xəbər verir ki, Rusiyanı təmsil edən erməni əsilli Qalstyan Ermənistanı tərk edərək Rusiyaya köçməsinin səbəblərindən və Azərbaycan idmançıları ilə olan yaxın münasibətindən erməni mediasına danışıb.

Olimpiya çempionunun sözlərinə görə, onun Ermənistanda çoxlu dostları, bacısı və nənəsi qalıb:

“Ermənistanda yaşadığım kənd ölkənin şimal-şərqində sərhəddədir. Bir kilometr məsafədə Azərbaycanın yaşayış məntəqələri var. Mənim tarixi vətənim ön xətdə yerləşir. Atamın Rusiyada dostları var idi və tez-tez burda olurdu. Ona görə də köçməyə qərar verdik”.

Arsen Qalstyan əvvəlki kimi yaşamaq istədiyini, doğulduğu yerlərdə yaxşı yaşamağın, iş tapmağın çətin olduğunu və üstəlik Ermənistan-Azərbaycan təmas xəttində daim gərginliyin olduğunu deyib.

“Mən istəyirəm hər şey geri qayıtsın. Babamın danışdığı kimi azərbaycanlıların qonşu kəndə ermənilərin toyuna gəldiyi və əksinə olduğu zamanlara qayıdaq. Birlikdə yaşamışıq və həmin günləri hərarətlə xatırlayırıq. Bu qarşıdurmanın həll edilə bilməyəcəyinə inanmıram. Rusiyaya köçüb birinci sinifə getdiyim vaxt mənimlə 2 azərbaycanlı oxuyurdu. Rusiyada biz çox normal ünsiyyət saxlayırıq. İndi də azərbaycanlı dostlarım var. Azərbaycanın cüdo komandasından Orxan Səfərov, İlqar Muşkiyev və digər idmançıları yaxşı tanıyıram”, - cüdoçu bildirib.

Qaynarinfo.Az