Dünya 01:07 15.06.2013

Əsədin 70-dən çox zabiti Türkiyədən sığınacaq istədi

Suriya ordusunun 70-dən çox zabiti ailələri ilə birlikdə Türkiyə ərazisinə keçərək bu ölkədən siyasi sığınacaq istəyib.

APA-nın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, 7 general və 20 polkovnik daxil olmaqla 73 suriyalı zabit Türkiyənin cənubundakı Reyhanlı şəhərinə gəlib. Ailə üzvləri ilə birlikdə qaçqınların sayı 202 nəfər təşkil edib. Onların hamısı Türkiyədən siyasi sığınacaq istəyən suriyalı zabitlər üçün yaradılmış xüsusi düşərgəyə yerləşdirilib. Müdafiə nazirliyi və Reyhanlı şəhərinin rəhbərliyi zabitlərin Türkiyəyə gəldiyi tarixi açıqlamır.     

 Hazırda Türkiyə ərazisində yaradılmış xüsusi düşərgələrdə 195 min suriyalı qaçqınların yaşadığı bildirilir. Türkiyə hökuməti bu düşərgələrdə məktəb, məscid, ticarət mərkəzi, uşaq meydançası, tibbi məntəqələrinin və yaşayış üçün əhəmiyyətli olan sair obyektlərin tikintisini maliyyələşdirir. Düşərgələrdə qidalanma, tibbi və bank xidmətləri, mühafizə təşkil olunub.