Ekonomiks 17:10 07.10.2013

Gələn ildən gəlirlərimiz azalacaq


Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin gəlirləri 18 384 mln. manat, xərcləri isə 20 063 mln. manat həcmində proqnozlaşdırılır.

APA-nın xəbər verdiyi kimi, bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.
 
Beləliklə, gələn ilki büdcədə 1 679 mln. manat həcmində kəsir nəzərdə tutulur. Bu ilin proqnoz göstəricilərinə nisbətən büdcə gəlirlərinin 4,0% azalacağı, xərclərin 1,1%, kəsirin isə 2,4 dəfə artacağı gözlənilir.
 
Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manatı Dövlət Neft Fondundan transferlər, 7,102 mlrd. manatı Vergilər Nazirliyi, 1,510 mlrd. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manatı isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür. Qeyd edək ki, büdcə gəlirlərinin 6,245 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozundan 20,8% çoxdur.
 
Xərclərin tərkibində isə əsas yeri sənaye və tikinti xərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsait qoyuluşu (6,260 mlrd. manat), sosial müdafiə və sosial təminat (2,072 mlrd. manat), ümumi dövlət xidmətləri (1,997 mlrd. manat), təhsil (1,653 mlrd. manat), müdafiə (1,637 mlrd. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər (1,240 mlrd. manat) tutur.

Qaynar.info