İdman 11:43 12.03.2013

Gərgin "altılıq" başlayır

Bu gün Topaz Premyer Liqasında XXIII turun 3 oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, günün 2 oyunu ilk, digəri isə ikinci “altılıq”da baş tutacaq.

Bununla da mükafatlar uğrunda yarışan komandalar da mübarizəyə start verəcək. İlk “altılıq”da final mərhələsinin birinci oyunu paytaxt təmsilçiləri – “Bakı” və “Neftçi” arasında olacaq. Çempionatın lideri izləyiciləri ilə xal fərqinin azalmaması üçün qələbə qazanmağa çalışacaq. Ən azı 1 günlük 5-ci pilləyə yüksəlmək imkanı olan “Bakı” isə çempionu büdrətmək niyyətindədir.

Bu matçla eyni vaxtda ikinci “altılıq” komandaları – “Rəvan”la “Xəzər Lənkəran” üz-üzə gələcək. Ölkə kubokunun 1/4 final mərhələsində bu rəqibi 2 dəfə məğlub edən cənublular 7-ci pilləyə yüksəlmək üçün səfərdən uğurlu nəticə ilə dönməlidir. Baş məşqçi postuna uelsli Con Toşakı gətirən “Xəzər Lənkəran” bu matça da Emin Quliyevin rəhbərliyi altında çıxacaq. Lakin bu, onun baş məşqçi əvəzi kimi son oyunudur.

Günün son matçmı isə Zaqatalada baş tutacaq. Son matçlarda uğur qazana bilməyən “Simurq” medallara iddialı “Qarabağ”la görüşəcək. Ən azı 1 günlük 2-ci pilləyə yüksəlmək üçün qonaqlar bu matçda qalib gəlməlidir. Meydan sahibləri isə qələbə qazanmaqla 3-cü pilləyə yüksələ bilər.

Qaynar.info