Foto 21:53 26.09.2018

"Hacı Şahin məni söyəndən sonra populyarlaşdım" - Tərlan Şıxlı ilə MÜSAHİBƏ

Qaynarinfo ötən günlərdə "Rəngli şarlar" kitabını oxuculara təqdim edən gənc yazıçı Tərlan Şıxlı ilə müsahibəni sizlərə təqdim edir:

- Öncə sizi tanıyaq. Tərlan Şıxlı kimdir?

- Tərlan Şıxlı sizlərdən biridir. Zənnimcə, öz dünyası, öz baxışları olan bir insandır. İsmayıllıda doğulmuşam. Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm. İxtisasım Fransaşünaslıqdır. Hazırda isə şirkətlərin birində mühasib vəzifəsində çalışıram.


- Bu günlərdə işıq üzü görən ilk kitabınızın imza gününü keçirdiniz. Təəsüratlarınızı öyrənmək maraqlı olardı.

- Sentyabrın 22-də "Kibrit Book Kafe"də imza günü keçirdik. Düşünürəm ki, maraqlı bir gün oldu. Ortam çox səmimi idi. Oxucularla görüşdük, söhbətləşdik, kitablarımı təqdim etdim. Düzü mən inanmırdım ki, bu qədər insan gələr, amma sevindirici haldır ki, ölkəmizdə kitaba maraq var. Ən əsası imza gününü digərlərindən fərqləndirən bir nüans da gələnlərin əksəriyyətinin şəxsən tanımadığım insanlar olması idi.

- Yazıçıların əksəriyyəti kitaba marağın az olmasından şikayətlənirlər. Bəs siz necə kitabınızı çapa hazırlayarkən bu çətinlikləri nəzərə almışdınızmı? Qorxmursunuz ki, kitablarınız satılmaya bilər.

- Bəli, təəssüf ki, ölkədə kitab satışı ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Mən də kitabı nəşrə hazırlayanda bu çətinliklərdən xəbərdar idim. Əfsuslar olsun ki, insanlarımız kitabın şəklini bəyənirlər, kitabla şəkil çəkdirməyi sevirlər, amma kitab oxumağı xoşlamırlar. Buna baxmayaraq ilk kitabıma görə vəziyyəti qənaətbəxş sayıram və növbəti kitabların daha uğurlu olacağına inanıram. Qətiyyən ümidsiz deyiləm və ədəbiyyatımızın daha da inkişaf edəcəyinə şübhəm yoxdur. Bu kitabla ədəbiyyatımıza kiçik də olsa töhfə verə bilmişəmsə, buna yalnız sevinə bilərəm. O ki qaldı satılmasına, bu kitabı qazanc götürmək niyyətilə nəşr etdirməmişəm. Əksinə kitabın bütün xərclərini şəxsən özüm qarşılamışam.


- Sosial şəbəkələrdə də çox aktivsiniz. İstifadəçilər sizi mütəfəkkir kimi tanıyırlar. Bu mütəfəkkir mövzusu nədir? Siz həqiqətən özünüzü mütəfəkkir hesab edirsiniz?

- Şübhəsiz özümü mütəfəkkir hesab edirəm və bəlkə də ölkədə yeganə mütəfəkkir elə mənəm. (gülür) Təbii ki, bu bir zarafatdı. Sosial şəbəkələrdə siz də bilirsiniz ki, bəzi insanlar kimlərəsə öyüd-nəsihət verməklə, öz aləmlərində dərs keçməklə özlərini ağıllı göstərməyə çalışırlar. Və mən də məhz bu insanlara lağ etmək, onları gülüş hədəfinə çevirmək üçün bu sözdən istifadə edirəm.


- Tərlan Şıxlı istər ciddi, istər zarafatyana sosial şəbəkələrdə elə mütəfəkkir kimi tanınır, bəs yazıçı kimi necə?

- Sözün açığı mən qəbul etməsəm də bu, belədir. İstər sosial şəbəkılərdə, istərsə də real həyatda üz-üzə gələndə insanlar mənə mütəfəkkir deyə müraciət edirlər. Nə yalan deyim. Bu söz mənə xoş təsir bağışlayır. Baxmayaraq ki, ədəbi proseslərdə ən azı 10 ilə yaxın fəaliyyətim var, amma yazıçı kimi tanınmağa gəldikdə, bundan o qədər də əmin deyiləm.

- Son zamanlar sosial şəbəkələrdə boşanmalarla bağlı fikirləriniz səs-küyə səbəb oldu. Yüz minlərlə izləyicisi olan səhifələrdə tənqid və hətta təhqirlərə məruz qaldınız. Ümumiyyətlə bu mövzu ilə bağlı nə deyə bilərsiniz?

- Əslində bu mövzu ilə bağlı fikirlərimin belə qarşılanacağını gözləmirdim. Mən sadəcə bir-biri ilə yola gedə bilməyən, ailəsində hər gün şiddətə məruz qalan, hər gün döyülüb-söyülən, qısacası həyat yoldaşı ilə heç cür anlaşa bilməyən şəxsləri nəzərdə tuturdum. Mənə görə iki insandan biri ailədə özünü bəxbəxt hiss edirsə, onun üçün ən yaxşı gələcək hazırkı həyat yoldaşından ayrılmasıdır. Görünür fikrim düzgün anlaşılmadığı üçün insanlar məni kütləvi şəkildə təhqir etdilər. Amma deməzdim ki, birmənalı olaraq tənqid və təhqirlərə məruz qaldım. Onlar arasında fikrimi dəstəkləyənlər də az deyildi.


- Sizcə kitab təqdimatından öncə yaranan bu söz-söhbətlər nüfuzunuza xələl gətirmədi ki?

- Xeyr, əksinə. Bu fikirlərdən sonra düşünürəm ki, daha çox diqqət çəkdim. Hətta ölkənin ən tanınmış din xadimlərindən biri olan Hacı Şahin tərəfindən şiddətlə qınanıldım. Və hesab edirəm ki, məhz Hacı Şahin məni söyəndən sonra populyarlaşdım. Bu mövzuda Hacı Şahinin fikrini normal qarşılayıram və boşanma məsələsinin cəmiyyətimiz üçün həqiqətən çox həssas mövzu olduğunu düşünürəm. Özümə qarşı səsləndirilən fikirləri də anlayışla qəbul edirəm.

- Boşanma məsələsi ilə bağlı fikirləriniz aydındır. Bəs ailə həyatı barədə nə düşünürsüz? Bildiyim qədər subaysız.

- Məncə hər bir insan üçün ailə vacibdir. İstərdim ki, hər kəs sevib-sevilərək, bir-birinə dəyər verərək, evliliyin nə olduğunu anlayaraq ailə qursun. Özüm də subay biri kimi məhz bu şəkildə ailə qurmaq istərdim.


- Bəs, yaradıcılıq fəaliyyətinizlə bağlı gələcək planlarınız nədir? Yeni kitab olacaqmı?

- Hazırda işdən vaxt tapdıqca yaradıcılıqla da məşğul oluram. Bir roman üzərində işləyirəm. Yaxın zamanda yeni kitabımla oxucuların qarşısına çıxmağı düşünürəm.

Hazırladı: Çingiz Səfərli
Fotoqraf: Ramin Aslanov