Deyir, "Sən Allahı göydə oturub hər şeyi idarə edən, əmrlər verən kimi təsəvvür edirsən deyə beynində suallar yaranır. Amma Quranda da deyilir ki, "Allah nə yerdədir, nə göydə, nə sağdadır, nə solda, nə dünya daxilindədir, nə onun xaricində”. Qısacası, hər şeyi unut. Fərqinə varmalı olduğun tək gerçək, bütün dinlərin də, elmin də, qadağaların da, günah-savabların da demək istədiyi cəmi 2 sözdən ibarət cümlədir: "Adam Ol”...

Ateizmin "elmi əsası” təkamül nəzəriyyəsi, onun banisi, atası Çarlz Darvin...

Darvin haqqında çox eşitsəm də, ilk dəfə idi ki, həyat-yaradıcılığını və nəzəriyyəsini bu qədər dərindən araşdırırdım. Atasının düşüncəsinə görə, üz qarası Darvin, ailənin 20-li yaşlarına kimi tənbəlliyi və etinasızlığı ucbatından daim danlanan, əlindən həşərat və bitki kolleksiyası toplamaqdan başqa heç nə gəlməyən yeganə avara nümayəndəsi olub. Atası Ser Robert Darvini müxtəlif peşə sahələrinə yönəltsə də, sənət sahibi olması üçün dəfələrlə müxtəlif məktəblərə göndərsə də, o heç yerdə uğur qazana bilmir. Ta ki, "Biql” gəmisindəki ekspedisiyada Amerikanın flora və faunasına yaxından bələd olana kimi... Ekspedisiyadan qayıdanda Darvin 27 yaşında olur və özünün ilk "əsər”ini, gündəliyini çap etdirir. Tezliklə məşhurlaşan, Çarlz Darvin, alim adını alır və tarixə həkk olunan "Növlərin mənşəyi” kitabını yazır. Çarlz Darvinin yaratdığı təkamül fərziyyəsinin mahiyyəti, yaradıcının olmadığı ilkin mühitdə, cansız maddələrin təsadüfi təbiət hadisələri ilə öz-özünə birləşərək hüceyrənin ilkin komponentlerini formalaşdırdığı, bu cür proseslə təsadüfən birləşən uyğun komponentlərin nəticəsində ilk canlının  yaradıcı olmadan öz-özünə ortaya çıxdığı, digər bütün canlıların da bu tək hüceyrədən törəyərək çoxaldığı, növlər arasındakı tədrici törəmələrlə bütün canlı növlərinin bir-birindən törədiyi və ən sonda da insanın bir heyvan növündən törəyib formalaşdığıdır. Burada belə bir sual ortaya çıxır: Bəs, yaxşı, həmin o birhüceyrəli canlı nədən yaranıb? Tutaq ki, Darvin mənə cavab verdi ki, "torpaqdan”. Bəs, yaxşı, torpaq nədən yaranıb? Darvin dedi ki, məsələn, "Suxurdan, nə bilim, havadan, sudan”. Bəs, yaxşı, o suxur nədən yaranıb? Axır bu yarananların əsası olmalıdır da, elə deyil? Ya da həmin o təkamül indi niyə baş vermir? İndi niyə torpaqdan, birhüceyrəlidən insan yaranmır? 

Deyir, "bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib”...

Sözüm onda yox... Onsuz da 1882-ci il 19 apreldə, yəni bu gün dünyasını dəyişən Darvinin meymun-insan "döndərməsi” çoxdan süquta uğradılıb. Maraqlısı Darvini oxuyarkən bu nəzəriyyəyə münasibət bildirən Hacı Şahinin yanaşması oldu. Hacı Şahin bir neçə il əvvəl verdiyi müsahibələrin birində bildirib ki, "Din təkamül nəzəriyyəsini tam şəkildə inkar etmir. Təkamül nəzəriyyəsi doğru olsa belə, dinlə ziddiyyət təşkil etmir”. 

Bildiyim qədəriylə Allah Yer üzündəki tək yaradanın özü olduğunu və ondan xəbərsiz, onun "Ol” demədiyi heç nəyin olmadığını buyurur. Darvin isə hər hansı "sehrli” gücün olmasını inkar edib, hər şeyin tədricən, keçidlərlə, təkamül prosesi ilə yarandığını deyib.
 
Bəlkə ziddiyyət başqa şeydir, mən bilmirəm...

Hacı Şahin: "Əlbəttə ki, təkamül nəzəriyyəsinin bir sıra zəif tərəfləri də var və bu gün bir sıra alimlər bu nəzəriyyəni tam olaraq qəbul etmirlər. Ancaq qeyd edim ki, bu nəzəriyyənin banisi Darvin özü də inanclı bir insan olub, xristian dininə inanıb”.

Darvin "Növlərin mənşəyi” kitabında İncili "şeytanın İncili” adlandırıb. Bu yerdə, yenə Darvinə sual vermək istədim: "Allah yoxdursa, şeytan haradan belə? Haradan gəlib, haraya gedir?”. Eh, rəhmət düşürsə, rəhmətliyə verə biləcəyim neçə-neçə sualım qalacaq ürəyimdə... 

Qayıdaq Hacı Şahinin "inanclı Darvin”inə. Dinə inanmadığını cəmiyyətə açıq şəkildə ifadə etməsə də, ölümündən sonra yaxın dostları ilə məktublaşmalarında Çarlz Darvinin qatı ateist olması və əsərlərinin də yazılma səbəbinin ateizmi "elmi” olaraq təsdiq etmək olduğu sübut olunub. Belə ki, əziz oxucular, "Növlərin mənşəyi, təbii seçmə yolu ilə”  kitabında Darvin bir növ "sual-cavab” yazıb. Kitabda verilən hər bioloji izahın dini qarşılaşdırılması verilib. Canlılarla bağlı çəkilən nümunələrin hər biri sonda ateizmə, ya da dini yöndən verilə biləcək hansısa bir izaha dayanıb. Məqsədi elmi araşdırma olan bir insan nə üçün yazdığı əsərdə canlıların davranışları ilə bağlı yazdıqlarına verilə biləcək dini cavabları qeyd edib sonra da onlara cavab yazırdı? Aydındır ki, bu "araşdırma”nın məqsədi hansısa növün mənşəyini araşdırmaq deyil, məhz dini izahlara alternativ ortaya qoymaq olub.

Nə isə ki, o  biri dünyanın varlığına mən də inanmıram, amma varsa, Allah Darvinə rəhmət eləsin deyək ki, bir müddətlik də olsa, cəhənnəmdəki qır qazanından çıxa bilsin. 
 
Nərmin Həsənli