Siyasət 14:24 14.02.2013

Hafiz Hacıyevin partiyası bağlana bilər

“Hafiz Hacıyevin çağırışlarında açıq-aşkar bədən orqanlarının birinin kəsilməsi və real təhlükə var. Buna çağırışın olması cinayət tərkibi yaradır. İkinci tərəfdən, siyasi partiya sədri öz partiyası adından zorakılıq çağırışları edir”. Qaynar.info xəbər verir ki, bunu modern.az-a açıqlamasında “Konstitusiya” Aaşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib.

Ə. Nuriyev qeyd edib ki, “Siyasi partiyalar haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əgər partiyaların hərəkətlərində, fəaliyyətlərində bu kimi çağırışlar olarsa, həmin siyasi qurumun qapadılması ilə bağlı məhkəməyə müraciət oluna bilər.

“Siyasi partiyanın adından belə təhrikedici çıxışlar səslənirsə, onda təbii ki bu cür qiymətləndirilə və onun qapadılması ilə bağlı məhkəmə prosedurasına başlanıla bilər. Bundan əvvəl isə partiya rəhbərliyinə xəbərdarlıq edilməlidir. Hafiz Hacıyev Daxili İşlər Nazirliyinə çağırılıb. Amma o siyasi partiya rəhbəri kimi yox, fiziki şəxs kimi DİN-ə dəvət edilib”.

Xatırladaq ki, Müasir Müsavat Partiyası yazıçı Əkrəm Əylisliyə qarşı fiziki zorakılıqla bağlı qərar qəbul etmişdi. Partiya sədri Hafiz yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi barədə qəbul etdikləri qərarın icrasını qurumun gənc üzvlərinə tapşırmışdı. Hafiz Hacıyev hətta qərarı icra edəcək gəncə 10 min manat mükafat da vəd etmişdi.

Bundan sonra Müasir Müsavat sədri H.Hacıyev DİN-ə dəvət olundu və ona xəbərdarlıq edildi.

Həmin xəbərdarlıqdan sonra Müasir Müsavat Partiyası bəyan etdi ki, qurumun Ağsaqqallar Şurasında Əkrəm Əylislinin qulağımın kəsilməsi ilə bağlı verilən qərarın qüvvədə qalıb-qalmaması müzakirə olunub. Orada məsələnin bu cür barbarcasına həllinin əleyhinə olan bir qrup Ağsaqqallar Şurasının üzvü təkidlə qulaqkəsmənin dayandırılmasını istəyib.

Uzun müzakirələrdən sonra partiya ağsaqqalarının xahişi nəzərə alınıb.

Qaynar.info