Siyasət 10:44 05.08.2013

İcra başçısından politoloqa təzyiq

Tərtərdə hələ də onu müsavatçı sayan İcra Hakimiyyəti politoloqun kənddə yaşayan qardaşının obyektini sökmək istəyir

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla politoloq Qabil Hüseynli arasında nifaq yaranıb. “Reytinq” qəzetinin yazdığına görə, İH başçısı Q.Hüseynlinin Tərtərdə yaşayan qardaşının kiçik ticarət obyektini sökdürməyə çalışır.
“Ceyhun Cəfərovun birbaşa göstərişi ilə Qabil Hüseynlinin Savalan adlı qardaşının ticarət obyektini sökmək istəyiblər. Bu zaman etiraz edən politoloqun qardaşına sərt cavab verilib. Başçı bildirib ki, o, müsavatçı Qabil Hüseynlinin qardaşıdır, burada işləmək haqqını çoxdan itirib”, - deyə yazıda qeyd olunur. Qəzet bildirir ki, bu hadisə, İH başçısının hərəkəti Q.Hüseynlini narahat edib.

Ötən gün Yeni Müsavat qəzetinə açıqlama verən  Qabil Hüseynli Tərtərdə baş verənlərə aydınlıq gətirdi. Politoloq bildirdi ki, həqiqətən də onun rayonda yaşayan qardaşına təzyiqlər var, ancaq durum bir az fərqlidir: “Qardaşımın adı Qədirdir. ”Reytinq"də yazıldığı kimi, Tərtərdə deyil, Seyidimli kəndində, əslinə qalanda kənddən bir az aralıda ona düşən pay torpağında kiçik çayxana açıb. 90 sot pay torpağında bağ salmışdı, budka qoyub gözətçi otağı kimi istifadə edirdi. Sonradan bu budkanı həm də çayxana kimi istifadə edirdi. Ancaq bu günlərdə yerli icra nümayəndəsi gələrək bağlamağı tələb edib. İcra başçısını da qızışdıran yerli icra nümayəndələridir. Qardaşım özünə kiçik iş yeri yaradıb, amma onu təzyiq edib bağlatmaq nə qədər doğrudur? İş o yerə çatıb ki, insanların şəxsi təsərrüfatına qarışırlar. Özüm tərtərli kimi bu rayonu yaxşı tanıyıram. Su qıtlığı var. Bu da insanları həyat uğrunda mübarizəyə sövq edir".

Qabil Hüseynli baş verənlərlə bağlı ölkə rəybərliyinə müraciət etməyə hazırlaşdığını deyir: “Deyirlər ki, müsavatçının qardaşıdır. Rayonda, belə görünür ki, qəzet oxuyan, televiziyaya baxan yoxdur. Tərtərdə hələ də onu Müsavat Partiyasında hesab edirlər və təqib edirlər. Bu özbaşınalıq məni narahat edir. Çalışacağam bu hadisəni hakimiyyətin bəlli orqanlarına çatdırım. Onların bu işə müdaxiləsini gözləyirəm. Bu məmur özbaşınalığı prezident seçkiləri qabağı əhalini ölkə rəhbərliyindən süni surətdə narazı salmaqdır”.

Qaynar.info