Xəbər lenti

İdman 18:57 11.08.2017

İlham Əliyev 24.6 milyon manat ayırdı (SƏRƏNCAM)

Prezident İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Qaynarinfo" xəbər verir ki, sərəncamda deyilir:

Ölkədə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Son illərdə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilmişdir.

Bu tədbirlərin davamı olaraq, M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, sözügedən avtomobil yolunun 100,7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçən, 16 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmir olunması məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon (iyirmi dörd milyon altı yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?