Dünya 14:26 21.04.2018

İran yenidən nüvə fəaliyyətinə başlaya bilər

"ABŞ nüvə sazişindən imtina etsə, Tehran nüvə fəaliyyətlərinə yenidən başlayacaq".

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

CBS kanalına açıqlamasında seçimlərin çox olduğunu deyən Zərif bunlar içərisində yenidən nüvə sınaqlarına başlamağın da olduğunu söyləyib.

"Bu seçimlər yerinə yetirilməyə hazırdır və uyğun olarsa, lazımi qərarı qəbul edəcəyik. Digər ölkələr bizdən pozulan sazişin şərtlərini təktərəfli yerinə yetirməyimizi gözləyə bilməz".

Xatırladaq ki, sözügedən saziş İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, İngiltərə, Fransa, Rusiya və Çin arasında imzalanıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla bağlanan nüvə sazişinə yenidən baxılmalı olduğunu, əks təqdirdə ABŞ-ın sazişdən çəkiləcəyini açıqlamışdı.