Siyasət 15:16 31.07.2013

İsa Qəmbər- İbrahimbəyov görüşü - NƏTİCƏ

Müsavat başqanı  İsa Qəmbərlə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun 2 saata yaxın davam edən görüşü başa çatıb.

“Yeni Müsavat”a açıqlamasında İsa Qəmbər görüşün səmimi atmosferdə keçdiyini və faydalı nəticələr əldə edildiyini deyib: “Çox faydalı görüş oldu. Rüstəm müəllimlə durumu hərtərəfli müzakirə etdik. Milli Şuranın seçkilərdə iştirakı, Milli Şuranın vahid namizədinə yaradılan əngəllər, onun namizəd kimi qeydiyyatdan keçməsi üçün hansı addımlar atılmasını vacibliyi geniş müzakirə edildi. Şəxsən mən söhbətdən çox razı qaldım. Hesab edirəm ki, Rüstəm müəllim də razı qalıb”.


İsa Qəmbər onu da bildirib ki, bugünkü mərhələdə Milli Şuranın, o sıradan Müsavat Partiyasının qarşısındakı əsas məsələ Rüstəm müəllimin namizədliyinin qeydə alınması üçün yaradılam maneənin aşılmasıdır.

Milli Şuranın Tiflis müşavirəsinin dəyərləndirilməsinə gəlincə, İsa Qəmbər bildirib ki, bu, zərurətdən yaranan toplantı idi: “Tiflis Qafqazın ən önəmli siyasi mərkəzidir. Bu siyasi mərkəzdə görüşüb durumu müzakirə etdik, durumdan çıxış yollarının aradıq. Bu durum ilk sırada Azərbaycan hakimiyyətinin yaratdığı durumdur. Azərbaycanda siyasi fəaliyyət, məsləhətləşmələr üçün imkan yaradılmaması, əksinə bu cəhdlərin qarşısının alınması Azərbaycanın demokratik qüvvələrini bu məsələlərin həlli üçün Tiflisə yığışmaq məcburiyyəti qarşısında qoydu. Halbuki Bakıda buna imkan yaradılmalı idi. Bütövlükdə Tiflis müşavirəsini müsbət dəyərləndirirəm. Bütün fikirlər səsləndi, hər kəsin mövqeyi bir daha bəlli oldu. Kimin məsələlərə nə cür yanaşdığı da bəlli oldu. Faydalı müzakirələr oldu”.

Qaynar.info