Foto 21:43 13.12.2017

İŞİD-dən ayrılan terrorçu: "Mən Marsdan gəlməmişəm" (FOTOLAR)

Suriyada yaradılan radikalizmlə mübarizə mərkəzində sabiq İŞİD üzvləri müalicə alır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Mare qəsəbəsində yerləşən Suriya Radikal İdeologiyaya Qarşı Mübarizə Mərkəzində təxminən 100 sabiq İŞİD üzvü müalicə alır. Təşkilatın yaradıcılarından olan Hüseyn Nəsir bildirir ki, məqsədləri İŞİD-in Suriyada məğlubiyyətindən sonra Hələbə gələn terrorçular və onların yaratdıqları təhlükəsizlik problemini həll etməkdir.
 
Mərkəzdə həkim, vəkil və idarəçilər birlikdə çalışır, sabiq terrorçulara İslam hüququ, insan haqqları, psixologiya kimi dərslər tədris edilir. Burada müalicə alan terrorçular İŞİD üçün uzun müddət vuruşanlar, İŞİD-ə yeni qoşulmuş terrorçular və xarici ölkədən olan terrorçular qruplarına bölünür. 

2014-cü ildə İŞİD-ə qoşulan 23 yaşlı Məhəmməd Hac Əhməd "İslam dövləti qurmağı hədəfləyirdim. Amma hazırda aldığımız təhsillə inandığımız şeylərin niyə yanlış olduğunu anlayıram. Mərkəzdən ayrılmağa icazə veriləndə, özümə iş quracam, bəlkə Avropaya gedərəm" deyib.

Digər sabiq İŞİD üzvü 26 yaşlı Əbdülqədir Dərviş "Əvvəldə məqsədim İslamın zəfəri idi, amma bir müddət sonra sosial həyat, ailəm, uşaqlarım, qohumlarım üçün darıxmağa başladım. Mən də cəmiyyətin üzvüyəm. İŞİD-ə qoşulsam da, daşdan və ya Marsdan gəlməmişəm. Ölkəmə qayıtsam, həbs edilməkdən qorxuram, buna görə Türkiyəyə getmək istəyirəm" fikirləri ilə yadda qalıb. 

2016-cı ildə Türkiyədən Suriyaya keçərək İŞİD-ə qoşulan ukraynalı Qazimetov isə terror təşkilatının müsəlmanlara qarşı törədilən qətliamlarını görəndən sonra ayrılmaq qərarına gəldiyini vurğulayıb və cəmiyyətə yenidən inteqrasiya etmək istədiyini dilə gətirib.

Gülşən