Dünya 16:55 16.05.2018

İsraildən Türkiyəyə həmlə: "Erməni soyqırımı" məsələsi yenidən müzakirəyə çıxarıldı

ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi və ardınca baş verən qətliamlardan sonra Türkiyə ilə İsrail arasındakı gərginlik artıb. Belə ki, Türkiyə İsraildəki səfirini geri çağırıb, ardınca İsrailin Türkiyədəki səfirinə və Ankaradakı baş konsuluna öz ölkələrinə qayıtmaları məsləhət görülüb.

Qaynarinfo xəbər verir ki, Türkiyənin bu addımına cavab olaraq bu gün İsrail parlamentində qondarma erməni soyqırımının tanınması məsələsi müzakirəyə çıxarılıb.

Bir qrup millət vəkili ölkənin baş naziri Benyamin Netanyahuya müraciət edərək, artıq sözügedən layihənin qəbul edilməsinin vaxtı gəlib çatdığını bildiriblər.

"Yerusəlim Post"un xəbərinə görə, deputatların müraciətinə baxacaq və son qərarı Netanyahu açıqlayacaq.

Qeyd edək ki, qondarma erməni soyqırımı fevral ayında da parlamentdə müzakirəyə çıxarılmış, lakin qəbul edilməmişdi.