Xəbər lenti

Məmməd SÜLEYMANOV
Sənət 14:06 08.01.2020

Kamyu və Panteon: Yazıçı və hökmdar...

Məmməd Süleymanov

60 il əvvəl - 1960-cı ilin 4 yanvarında Provansdan Parisə qayıdan Alber Kamyu Vilbleven şəhərcəyi yaxınlığında baş verən avtoqəzada həlak olur. 

O qəza çoxsaylı təsadüflərin nəticəsiydi - Kamyu Parisə qatarla dönməliydi, dostu və naşiri Mişel Qallimarın təkidi ilə onun avtomobilinə minir. Qəza yerində yolboyu vur-tut bircə ağac vardı - maşın ona dəyir. Hadisə yerində də 4 sərnişindən yalnız Kamyu keçinir (Mişel xəstəxanada vəfat edəcəkdi).

Kamyu vəsiyyətinə uyğun olaraq Lurmarendə (Fransanın cənubu) dəfn olunur. Üstündən 49 il keçəndən sonra yazıçının adı ətrafında daha bir qalmaqal yetişir. Səbəb o vaxtkı prezident Sarkozinin 2009-un noyabrın 21-də Brüsseldə mətbuat konfransında etdiyi təklif olur. O, Alber Kamyunu Panteona köçürməyi təklif edir...

"Fiqaro" qəzeti rəy sorğusu aparır. Çoxluq əleyhinədir.

Sual heç də Kamyunun Panteona layiq olub olmamağında deyil. Daha doğru olardı: "Panteon Kamyuya layiqdirmi?" Xüsusən də Şirak dövründə hətta ata-Düma oraya köçürüləndən sonra.

Deməli, əsas sual: "Bu, kimə lazımdır?" Ritorik sualdır.

Panteon isə "qaranlıq" yerdir. Orada ilk olaraq 1793-cü ildə "Çəllək” ləqəbli Mirabonu dəfn etdilər, 1 il sonra götürüb bayıra atdılar. Sonra Maratı basdırdılar və çıxarıb tulladılar. Jan-Jak Russonun da başına bu oyun gəldi...

Bu, çox maraqlı bir dilemmadır: Yazıçı və hökmdar dilemması. Bizdə hər iki tərəf öz funksiyalarını dekorativ ifa etdiyindən, bu fransız diskussiyası da çox uzaq və çox irrasional görünür.

Sarkozi öz təklifini praktik olaraq şərh etmir, yalnız deyirdi ki, Panteon Kamyunun xidmətlərinin daha bir təsdiqidir və bütün qəlbi ilə bu ideyanı dəstəkləyir. O, bunun üçün Kamyunun övladlarının da razılığını almalıydı, əks halda heç bir addım ata bilməzdi. Le Monde qəzetinin məlumatına görə, prezident bir neçə dəfə Kamyunun oğlu Jan ilə görüşür. Nəzərə alsaq ki, Jan atasının panteonizasiyanın qəti əleyhinədir, anlaşılır ki, Sarkozi inadkarlıq edir.

Jan jurnalistlərlə fikirlərini bölüşmür, ancaq tanışları onun 2 arqumentini dilə gətirir. Əvvəla, Sarkozinin niyyəti atasının son arzusuna ziddir (Kamyu Lurmaran qəsəbəsində dəfnini vəsiyyət edib). Və ikincisi - oğlu istəmir ki, Kamyunun adı dövlətə xidmət etsin. Vəssalam.

Panteonizasiyanın bir çox əleyhdarları Sarkozinin təklifinin Kamyunun həyat prinsiplərinə zidd olduğunu deyirdi. Kamyunun qəhrəmanlarını xatırlamaqla bununla asan razılaşa bilərik. Onun "Yad”ındakı Merso cəmiyyətin formal qaydalarına yaddır. Onun "Taun”undakı doktor Rie üsyançı filosofdur və o, nümayişkaranə qəhrəmanlıqdan da, patetikadan da, epatajdan da uzaqdır. "Enmə”nin qəhrəmanından isə heç danışmağa dəyməz.

Əlbəttə, bunlar "daxili” səbəblərdir. Bir də vardı "xarici” səbəb - Prezidentin Yaradıcının adından istifadə etməklə xal qazanmaq istəyi. Bu diskussiyalarda Sarkozinin şəxsi maraqları.

Bu dəlillər də çox sadə idi: Həmin vaxt Sarkozi populyarlığını sürətlə itirirdi. Kamyunun ən yaxşı bioqraflarından biri olan Olivye Todd bunu daha konkret ifadə etmişdi: "Alber Kamyunun Sarkoziyə ehtiyacı yoxdur. Əksinə, Sarkozi Kamyunun intellektual nurunu özünə köçürmək istəyir”.

Sarkozinin əleyhdarları bu təklifdə xüsusi bir sinizm görürdü: Sağçı siyasətçi məşhur Sol intellektualdan, Fransanın Qiyam simvollarından birindən, tənha filosofdan, xarizmatik yazıçıdan yararlanmaq istəyir.

Nə qədər ki, Jan Kamyu tərslik edir, Kamyunu Panteona köçürmək istəyənlərin bütün cəhdlərini uğursuz saymaq olar. Fransa Sol qüvvələri vahid bir cəbhə halında Kamyunu narahat etməyin əleyhinə çıxır. Və bu qalmaqalın Kamyunun reputasiyasına heç bir dəxli yoxdur. O, 20-ci əsr fransız ədəbiyyatının ən xarizmatik şəxsiyyəti olaraq qalır. O, hələ sağlığında ağılların sahibi, Avropa vicdanının təcəssümü idi və ölümündən keçən 50 ildə də bu statusu saxlayıb. Son illərdə Avropanın ikinci əsas ekzistensialistinin - Jan-Pol Sartrın məşhurluğu azalmaqdadır, ancaq "Taun”un müəllifi öz şöhrətinin zenitində qalmaqda davam edir.

O vaxt Sarkozi uduzdu. Yeni cəhdlər isə yenə olacaq. 

Ölümə qarşı romantik Qiyam ideyası yenidən aktualdır. Kamyunun ətraf absurda qarşı döyüşü davam edir: Yazıçı məğlub olmur.

P.S. Görəsən, azəri yazıçı-şairləri Kamyunun oğlu kimi oğulları olsaydı, nə edərdilər?..

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->