Xəbər lenti

Ekonomiks 17:29 15.06.2013

Kapitalizm necədir?

Rusiyada biznes adamalarına münasibət az qala bir ictimai formasiyanın keyfiyyətini və daxili mahiyyətini müəyyənləşdirməyə səbəb olub. Sosioloji institutlar da bu istiqamətdə araşdırmalarını apararkən xarici praktikanı öyrənməyə üstünlük verirlər. Qərbdə sözügedən fenomenə münasibət necədir?

Rusiyanın “Levada-Mərkəz” qurumunun tədqiqatları və ictimai fikrin analizi əsasında gəldiyi qənaət bundan ibarətdir ki, Avropada biznes adamı olmaq sadə rusiyalının nəzərində rasional, əməksevər, yüksək professional, təşəbbüskar, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün inadkar, ümumi mədəni səviyyənin yuxarı olması, xeyirxah və səxavətli kimi son dərəcə müsbət məziyyətlərin toplusundan ibarətdir. Belə çıxır ki, Qərbdə cəmiyyət münasibətlərinin əsasını yalnız bir təbəqə müəyyənləşdirdiyindən ümumi inkişaf və ədalət yalnız iş adamlarının daşıdığı keyfiyyətlər əsasında təyin olunur. Yəni əgər sosial yükün böyük hissəsini çiyinlərində daşıyan bu təbəqə qanunsuzluğa əl atarsa, onda bütün insanların mənəviyyatı bundan ziyan çəkəcək və toplumda deqradasiya sürətlənəcək.

Maraqlı yanaşmadır və etiraf edək ki, xalqı təşkil edən qruplar içərisində biznes sektoruna aid olunanlara həlledici mövqe vermək doğru yanaşmadır. 

Bəs Rusiyada vəziyyət necədir?

Tarixən kapitalist münasibətlərinin və istismarçılığın daha vəhşi ənənələrinə yiyələnmiş bir ölkədə 21-ci əsrin mənzərərsi keçmişindən bir o qədər də fərqlənmir.

Əksər ruslar hesab edir ki, onların sahibkarlar ordusu acgöz, müxtəlif dələduz keyfiyyətlərə və saxtakar sövdələşmələrə meylli, qeyri-işgüzar əlaqələrin və məqsədə çatmaq üçün bütün qanusuzluqlara cəhdin tərəfdarları, həmçinin ümumi mədəni səviyyənin geriliyi ilə fərlənirlər. Razılaşın ki, belə sosial simanın daşıyıcısı olmaq o qədər də təhlükəsiz deyil və hər kəsin əldə etdiyi kapitalın sabahını birmənalı təhdid edir. Zəmanət yoxdur ki, belələri dəyişən hakimiyyətlərlə bərabər məhkəmə çəkişmələrinə və həbsxanalara məruz qalmayacaqlar. Bu isə iqtisadi sabitliyə böyük zərbədir. Siyasi legitimliyə önəm verənlər bunu unutmasınlar.

Baş-ayaq çevirlimiş dəyərlər hər zaman siyasi sistemin özünü də çətin vəziyyətdə qoyur. Əslində Rusiyada belə köklü qənaətin və biznes dairələrinə bolşevik münasibətinin əsası ötən əsrin 90-cı illərindən qaynaqlanır. Özəlləşdirmənin güc və iri maliyyə faktoruna dayanaraq aparılması, bandit qruplaşmaların mülkiyyət müharibələri və yüzillik xalq sərvətlərinin ədalətsiz bölgüsü, korrupsiyanın və vergidən yayınma cinayətlərinin tüğyan etməsi belə bir dəyişilməz fikri möhkəmləndirib ki, Rusiyada biznesmen kriminal keçmişə malikdir.

Maraqlı burasıdır ki, kiçik və orta sahibkarlara münasibət xeyli fərqlidir. Görünür, burada sadə xalq nümayəndələrinin üstünlük təşkil etməsi öz rolunu oynayır. Ona görə də iri biznesin ölkəyə faydasına sorğuda iştirak edənlərin 43 faizi inanırsa, kiçik və orta biznes üçün uyğun göstərici 61 faizdən ibarətdir.

Belə çıxır ki,ruslar Qərb biznesmenlərini az qala kapitalizm cənnətinin əsas arxitektoru hesab edir və onlara ideal kimi yanaşırlar. Halbuki, bütün mülkiyyət müharibələri və bazarların ələ keçirilməsi uğrunda qanlı savaşlar avropalı sahibkar ordusunun ayağındadır və iri sindikatlar - transmilli korporasiyalar nəhəng şəbəkələrini zəifləri amansızlıqla əzməklə nail olmuşlar. Yetər ki, Hindistandan Misirə qədər böyük bir arealda baş verən çevrilişləri və hakimiyyət savaşlarını buna misal göstərək. Onların hər birində daxili vəziyyətə təsir göstərən güclü kompaniyalar oyun qaydalarının diqtə edə bilməyəndə bütün qanunsuzluqlara əl atmışlar.

Lakin Rusiyada kapitalizmə münasibət həm də təzadlıdır Onlar uzun illər həbsaxanada çürüdülən Xodorkovskini rejim qurbanı hesab edir və hakimiyyətə qarşı çıxan oliqarxları müdafiə edirlər. Belə çıxır ki, siyasi iqtidara qarşı olmaq çirkli pullarını “qanuniləşdirməyin” ən yaxşı yoludur.


İnsan sifətli kapitalizm hər bir xalqın arzusudur! Hamının varlı olması mümkün deyil, lakin hər kəsin əqli və fiziki potensialı hesabına qanunla milyonları əldə etmək şansının itirlməsi,insanın insan tərəfindən istismarı daimi inqilabların başlıca səbəbi olaraq qalacaqdır. Kapitalizm bütövlükdə pulun hökmranlığına çevrilsə, onda insanlar arasına çəkilən sərhədlər ölkələrin ayırıcı divarlarından daha möhkəm olacaqdır! Tikanlı məftillər o qədər qorxunc deyil, nəinki tikanlı və həsədli insanlar! Kapitalizmin qəbirqazanı budur!

Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?