Hüseynbala Səlimov
Ölkə 11:52 12.09.2017

Ökənin imicini başqa nələr formalaşdırır?

Hüseynbala Səlimov

Heç şübhəsiz ki, Qərbin və Rusiyanın hərbi təmsilçilərinin ikinci görüş üçün də Bakını seçməsi çox diqqətəlayiq hadisədir. Birmənalı şəkildə demək olar ki, bu seçim həqiqətən də Bakının hərbi–siyasi neytallığının və dünyanın geosiyasi mərkəzlərindən bərabər məsafədə olmasının bariz  göstəricisidir...

Əgər prosesin gedişində kiçik bir detal olmasaydı biz də hər şeyin həqiqətən də ideal keçməsinin qənaətində olardıq. Amma bizə elə gəlir ki, generallara münasibətdə cimmetriya azacıq da olsa pozuldu – Rusiya təmsilçisi ən yüksək səviyyədə qəbul olundu, NATO – nun təmislçisinə münasibətdə isə bu, baş vermədi. 

Ola bilsin ki, protokol qaydaları ilə məhz elə bu cür də nəzərdə tutulmuşdu – hər şey ola bilər... Amma düşünürük ki, belə görüşlərdə siyasi diqqət simmetrik şəkildə təzahür etməlidir və Bakı bir daha sübut etməlidir ki, onun üçün Rusiya da, Qərb də eyni cür önəmli və maraqlıdır...

Bəli, hərbi diplomatiya adi, alışdığımız klassik diplomatiyadan çox fərqlənir, burada hay-küylü bəyanatlar səslənmir, gur mətbuat konfransları keçirilmir və bir qayda olaraq media aləminin "div”ləri belə görüşlərdən ilginc bilgiləri daha çox özlərinin "şəxsi kanallar”ından alırlar. 

Amma düşünürük ki, bu görüşün də maraqlı cəhəti təkcə orada nələrin müzakirə olunmasında deyildi. Görüşün Bakıda baş tutması da ayrıca bir mövzu olmağa layiq idi...

Hələ fevral ayında, ABŞ və Rusiya generalları Bakıda görüşərkən bir çox əcnəbi təhlilçilər Bakının tezliklə Minski əvəz edəcəyindən yazırdı. Düşünürük ki, bu, elə də əsassız mülahizələr deyil və ümid edirik belə görüşlərin Bakıda keçirilməsi artıq ənənə xarakteri alacaqdır. Necə ki, Tiflis NATO-nun, hətta bütün Qərbin regionda keçirilən tədbirlərinə ev sahibliyi edir, Bakı da iki hərbi– siyasi mərkəzin toplantılarının və yaxud da təmaslarının baş tutduğu məkan ola bilər. 

Amma bizi başqa məsələlər də narahat edir. Ölkənin imici təkcə hərbi – siyasi və ya geosiyasi vektorlarla müəyyən edilmir. Hərçənd, bunlar da çox mühüm amillərdir. Təbii ki, Moskvanın münasibətində ən əsas amil bunlardır, amma Qərb məsələyə bir qədər geniş baxır, ona görə ki, onun hərbi – siyasi doktrinasının da mayasında demokratik dəyərlərə sayğı və diqqət dayanır. 

Bu aspektdən yanaşanda bizi bir məsələ çox narahat etdi. Son günlərdə yenə də Azərbaycanla Qərb arasında, Bakı ilə Vaşinqton arasında ciddi bir söz atışması baş verdi. Səbəb də Qərb, xüsusən də ABŞ mətbuatında yer almış bir neçə yazı idi...

Amma bir özünüz baxın. ABŞ mətbuatı ilə prezident D.Tramp arasında əsl müharibə gedir. Düşünürük ki, artıq bir neçə aydır ki, davam edən bu qarşıdurmadan hamı xəbərdardır. Belə bir vəziyyətdə heç demək olarmı ki, Azərbaycana qarşı kampaniya D.Trampın komandası tərəfindən icra olunur və yaxud da onun işarəsilə həyata keçirilir?!.

Mən hələ onu demirəm ki, Trampın heç belə komandası da yoxdur, bu adam hələ öz komandasını formalaşdıra bilməyibdir. Onun öz administrasiyasına cəlb etdiyi adamlar müxtəlif səbəblərdən bu komanda hüdudlarını tərk edir – birində hansısa kompromat tapılır, digəri Trampla işləmək istəmir. Üstəlik, impiçment təhlükəsi də Trampın başı üstündən bir Domokl qılıncı kimi asılıb...

Bu məsələnin bir tərəfidir. Digər detal isə budur ki, demokratik ölkələrdə media hakimiyyət tərəfindən idarə olunmur. Ona görə də bu sferada müşahidə olunan hər şeyi hakimiyyətlərlə bağlamaq qətiyyən düzgün deyildir. 

Təbii, bu, o demək deyil ki, ABŞ hökumətində və ya Konqresində Azərbaycana qarşı qərəzli olan, hətta onun əleyhinə iş aparan adamlar yoxdur. Yox, belələri nəinki Amerikada, hər yerdə var, çünki ermənilər bir çox ölklərdə və təşkilatlarda güclü mövqelərə malikdirlər və erməni lobbisinin əli hər yerə çatır. Bütün bunları hamımız bilirik, amma ki, iş gəlib növbəti problemə çatanda hamımızı bunu unudur, qaş düzəldən bir yerdə gözü də vurub çıxarır, aləmi biri–birinə qatırıq...

Amma belə etməməliyik. Bir qədər təmkinli olmaq və ağı qardan ayırmaq lazımdır. Bir daha deyirik ki, Tramp indi elə bir vəziyyətdədir ki, necə deyər, başını qaşımağa belə imkanı yoxdur. Demək ki, belə bir vurhavurda o durub Bakıya qarşı hansısa kampaniyaya start verib – gəlin etiraf edək ki, heç ağlabatan işə oxşamır bu...

Qaynarinfo.Az