Vüsal Bağırlı
Ölkə 15:10 19.08.2019

Kirpi dumanda…

Vüsal Bağırlı

O, dumanın içərisinə girdi və görünməz oldu
("Kirpi dumanda” cizgi filmindən…)

Qızımla bir oyun oynayırıq. Nə bilim, bəlkə də sizin üçün də faydalı və maraqlı ola bilər. 

Deməli qaydaya görə, o, məndən hər gün bir ölkə adı, bir  heyvan adı, bir də quş adı soruşur. Mən ölkəni, quşu və ya heyvanı söyləyirəm. O, isə uşaq ensiklopediyasına baş vurur, araşdırır, tezcə onlar haqqında uyğun məqaləni tapıb oxumağa çalışır.

Dünənki mövzumuz, uyğun olaraq, İtaliya və kirpi oldu. Əvvəlcə, "Aтлас страны зарубежной европы” xəritələr toplusuna və "Google map”ə baş vurub, İtaliyanın Apenin yarımadasındakı uzunsov, qəribə mövqeyinə tamaşa etdik.

Qızım qaşlarını dartdı, genişlənmiş göz bəbəkləri ilə təəccüblə mənə baxdı və dedi:

Ata bu lap "Çəkməli pişiyin” ayaqqabılarına bənzəyir ki?!

Gülümsündüm və başımla təsdiqlədim.

Sonra onunla İtaliyanın iqlimi, əhalisi, Florensiya, Venesiya və Milan şəhərləri haqqında məlumatlarla tanış olduq. Təbii ki, məşur italyan nağıllarını da unutmadıq. Canni Rodarinin "Celsomino yalançılar ölkəsində” və "Çippolinosu”nu, Karlo Kollodinin "Pinokkiosu”nu, onun yalan danışdıqca uzanan burnunu xatırladıq.

Kirpi haqqında yazını oxumamışdan əvvəl, "youtub”un köməyi ilə  Yuriy Norişteynin məşhur "Kirpi dumanda” çizgi filmini də seyr etdik. 

Sonra, kirpi haqqında yazılara göz atdıq və qorxu anında iynəli yumağa dönən bu qəribə heyvana dair maraqlı faktları  oxuduq: 

Sən demə, kirpinin adı, latınca "ericius” kimi yazılır və  "tikanlı sədd” mənasını verir. Kirpinin bədənində təxminən iki minə qədər iynə olur. Heyvanın qış yuxusu 128 gün çəkir. Kirpi yatarkən, bədənini temperaturu 2 dərəcəyə qədər enir. Kirpi zəif görsə də, iybilmə və eşitmə qabiliyyətinə söz ola bilməz. Onlar üzməyi bacarsalar da, suda çox qala bilmirlər.

Kiprilərdə ilan zəhərinə qarşı təbii immunitet də olur. Kirpiyə həmçinin, mərgümüş, sianid turşusu, kalium sianid kimi təhlükəli zəhərlər əsla təsir etmir. 
Beləliklə, təxminən bir saat ərzində oyunumuz bitdi. 

Artıq pəncərə önündə qaranlığın qalın pərdəsi endirilmişdi. İkimiz də eyvana çıxdıq və ulduzlara tamaşa etməyə başladıq…

"Kirpi dumanda” filminin ilk sözləri yadınızdadırmı? 

"Axşamlar kirpi səmadakı ulduzları saymaq üçün ayıgilə gedirdi…”