Xəbər lenti

Krıma hücum: İki MiQ-31, S-400 və bir yanacaq anbarı məhv edildi
Dünya 14:02 16.05.2024

Krıma hücum: İki MiQ-31, S-400 və bir yanacaq anbarı məhv edildi

Mayın 15-nə keçən gecə Krıma edilən hücum nəticəsində Rusiyaya məxsus iki MiQ-31 təyyarəsi, S-400 zenit kompleksi və yanacaq anbarı məhv edilib. Hərbçilər arasında da itkilər var.

Bu barədə Qaynarinfo ASTRA "Telegram" kanalına istinadən xəbər verir.

Nəşrin məlumatına görə, mayın 15-nə keçən gecə Sevastopol yaxınlığında Belbek hərbi aerodromuna hücum edilib. Raket zərbəsi nəticəsində Rusiyanın iki MiQ-31 qırıcısı məhv edilib. Yanacaq-sürtkü materialları anbarı da yanıb. Bundan əlavə 11 rusiyalı hərbçi yaralanıb.

ASTRA-nın yazdığına görə, həmçinin həmin gecə Vişnevoye kəndi ərazisində (Belbekdən təxminən 70 km aralıda) Rusiyanın S-400 Triumf hava hücumundan müdafiə sistemi hücuma məruz qalıb. Hücumdan sonra kompleks alovlanıb, iki hərbçi həlak olub, iki nəfər isə yaralanıb.

Ukrayna Silahlı Qüvvələri mayın 15-də axşam saatlarında Krımdakı Belbek hərbi aerodromuna hücum etmək üçün yenidən ABŞ-ın ATACMS raketlərindən istifadə edib. Orada 4-cü Qvardiya Hava Hücumundan Müdafiə Ordusunun 38-ci Qırıcı Aviasiya Alayı yerləşir.

Öz növbəsində Krımın "Atəş” partizan hərəkatı bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Su-27, Su-30 və MiQ-31 təyyarələri üçün raketlərin saxlandığı Belbekin əsas artilleriya anbarını vurub. Bundan əlavə, "detonasiya nəticəsində” aerodrom infrastrukturunun "xeyli dərəcədə zədələndiyi” iddia edilir.

Belbekə ikinci hücum barədə Astra teleqram kanalının abunəçiləri və fövqəladə hallar xidmətindəki mənbələri də məlumat veriblər. Onların sözlərinə görə, raketlərdən ən azı biri yanacaqdoldurma məntəqəsinə dəyib və nəticədə yanğın baş verib. İlkin məlumata görə, itki olmayıb. "Krımski veter” mənbələri zərbə nəticəsində yanacaq anbarının dağıldığını iddia edir. 

Belbekə hücumu Z-kanalları da təsdiqləyib. "Voyennı osvedomitel” qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri "aerodroma və onun ətrafına MGM-140 ATACMS kasetli raketləri ilə təkrar zərbə endirib”. "İki mayor” Teleqram kanalı xəbər verir ki, gecə saatlarında obyektin ərazisində partlayış səsi eşidilib və güclü yanğının görüntüləri internetdə yerləşdirilib. "Dünən gecə Krımda nə qədər şeyin hara uçduğunu söyləmək çətindir. <…> Təyyarələr üçün sığınacaqlar lazımdır. Ən azı onları Amerika peyklərinin, PUA-larının və düşmən kəşfiyyatının vizual agentlərinin gözündən gizlətmək üçün”, - nəşrin müəllifləri əlavə ediblər. "Baza” da Belbekə hücum barədə məlumat yayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->