Siyasət 16:06 26.03.2013

KXCP-dən Milli Şuraya sərt təpki (AÇIQLAMA)

“Əgər  həmin şuranı 2-3 təşkilat yaradırsa, bu, Milli Şura olmur ki?!”

“Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak edəcək. Partiyamızın namizədi də Mirmahmud Mirəlioğludur. Partiyanın təşkilati işləri seçki sisteminə uyğun qurulub. Təşkilatlanma dairələr, seçki məntəqələri üzrə aparılır”. 

Bunu Qaynar.info-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Bəybala Əbilov deyib. Sədr müavini bildirib ki, KXCP bu il seçkiyə xüsusi hazırlaşır: “Partiyanın rayon təşkilatlarında seçki ilə bağlı məsələlər müzakirə olunur. Seçki ilində nə etmək lazımdır, KXCP onu edir. Əsas işlər isə seçki kampaniyası başlayandan sonra aparılacaq”.

B.Əbilovun sözlərinə görə, təmsil etdiyi partiya digər partiyalarla əməkdaşlıq edir: “KXCP Demokratik Qüvvələrin Məşvərət Məclisində (DQMM) təmsil olunur. Həmin qurumda olan partiyalarla, qurumdan kənar partiyalarla danışıqlar aparır. Müzakirələr zamanı ümumi cəhətlər tapılır. Məsələn, bəzi partiyalar demokratik mühitin yaradılmasına çalışır. Bu özü də seçkiyə hazırlıq formasıdır”.

KXCP funksioneri Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılacaq Milli Şura haqqında tənqidi fikirlər səsləndirib: “Kimlərsə deyir, Milli Şura yaranacaq. Əgər  həmin şuranı 2-3 təşlikat yaradırsa, bu, Milli Şura olmur ki?! Bu, həmin 2-3 təşkilatın Şurası olur. Əslində, bu geniş topluma hesablanmalıdır. Həmin şura demokratik düşərgədəki partiyaları, QHT-ləri, ziyalıları əhatə etmirsə, cəmiyyətə lazımi mesaj verə bilməyəcək. Burada qaranlıq məqamlar çoxdur. Əsas cəmiyyətin toplanması istiqamətində işlər aparılmalıdır. Yaradırlarsa, biz onlara uğurlar arzulayırıq. Amma KXCP olaraq demokratiya uğrunda atılan bütün addımları dəstəkləyirik”.

İlkin
Qaynar.info