Xəbər lenti

Dünya 15:33 18.04.2024

Laqard Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxdı

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün köçürülməsi ilə bağlı bütün təkliflərin hüquqi risklərə malik olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Financial Times” məlumat yayıb.

Onun fikrincə, aktivlərin dondurulmasından onların müsadirə edilməsinə və sonra onlara sərəncam verilməsinə keçid "Rusiyanın hörmət etməsini istədiyiniz beynəlxalq nizamın pozulmasına” səbəb ola bilər”, - deyə Laqard bildirib. 

Laqard əlavə edib ki, müsadirə prosesinin sürətləndirilməsi beynəlxalq hüquq və nizama, maliyyə sabitliyinə və hesabatlılığa aid "bir sıra digər məsələləri də gündəmə gətirir”. O, həmçinin Rusiya aktivlərinin bölüşdürülməsində "böyük asimmetriyaya” işarə edib: iki yüz milyard avrodan çox vəsait avrozonada, cəmi altı milyard isə ABŞ-da dondurulub. Bundan əlavə, avronun beynəlxalq maliyyədə dollarla müqayisədə daha zəif mövqeyi var, Avropa Mərkəzi Bankının rəhbəri qeyd edib.

Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş aktivlərindən istifadənin bir neçə variantını araşdırır - tam müsadirədən tutmuş Ukraynaya bir neçə il ərzində Rusiya fondlarından çoxmilyardlı gəlirləri bir anda köçürməyə imkan verən istiqrazların buraxılmasına qədər. Vaşinqton hesab edir ki, bu cür istiqrazlar növbəti on il ərzində 30-40 milyard avro, 15-20 il ərzində isə 50-60 milyard avro gəlir gətirə bilər.

Aİ ölkələri Kiyevə yalnız əsas aktivlərdən əldə edilən gəliri verməyə üstünlük verəcək. Belə bir tədbir Ukraynaya hər il təxminən üç milyard avro ayırmağa imkan verəcək. Bu təklif Aİ-nin mart ayında keçirilən sonuncu sammitində müzakirə olunub. Lakin yekun qərar verilməyib.

Kiyevə hərbi yardım göstərmək üçün Rusiyanın ehtiyatlarından istifadə məsələsi son aylar daha aktuallaşıb, çünki müharibə üçüncü ilinə qədəm qoyur və ABŞ-ın Ukraynaya əlavə yardımı Konqresdə ləngiyir.

Dünən Vaşinqtonda keçirilən görüşdə G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Rusiyanın dondurulmuş aktivlərindən istifadənin "bütün mümkün yolları” üzərində işləməyə davam edəcəklərini vəd ediblər, Reuters xəbər verir.

ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo bildirib ki, G7-nin maliyyə nazirləri aktivlərin birbaşa müsadirəsi üçün güclü hüquqi baza yaratmaq variantlarını müəyyən etmək üçün texniki iş aparır.

"Biz bir neçə fərqli varianta baxırıq. Biri müsadirə, digəri isə girov təmin etmək və ya hətta krediti maliyyələşdirmək üçün gözlənilməz mənfəət və ya bu aktivlər üzrə faizlərdən istifadə etməkdir" deyə Adeyemo qeyd edib.

Mümkün variantların iyun ayında İtaliyada keçiriləcək sammitdə G7 liderlərinə təqdim ediləcəyi gözlənilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->