Ölkə 14:19 20.11.2017

"Lavrovun münaqişənin həlliylə bağlı yeni ideyası yoxdur" (ŞƏRH)

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Bakıda səfərdədir. 
 
"Qaynarinfo” xəbər verir ki, dövlət başçısı İlham Əliyev Lavrovla görüşdə ikitərəfli əlaqələrin genişlənməsindən danışaraq söhbəti Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”.
 
Lavrov isə cavabında: "Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır. Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”, deyə bildirib.

 

Politoloq Elxan Şahinoğlu Lavrovun çıxışını şərh edib: "Birincisi, Lavrovun münaqişənin həlliylə bağlı yeni ideyası yoxdur. İkincisi, Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək, deməli Azərbaycanın tələb etdiyi "mərhələli həll” planına soyuq yanaşır. Üçüncüsü, Lavrov "fəal səylər” dedikdə əslində topu Azərbaycanın meydanına atır ki, "əgər münaqişənin həllini istəyirsinizsə, biz deyəni qəbul etməlisiniz, ermənilərin referendum keçirmək hüququnu tanımalısınız”.
 
Nərmin Həsənli
Qaynarinfo.Az