Siyasət 17:11 06.05.2013

“Ləkəli adamları dəvət etməmişdim” - İTTİHAM

Hacıbaba Əzimov: “Belə adamlarla bir yerdə otura bilmərəm”

“Aprelin 5-də keçirilən iclasa dövlət qeydiyyatı olan patiyaların sədrlərini, yəni demokratik düşərgəyə aid olan, özünü müxalifət hesab edən qüvvələri dəvət etmişdik. Hər kəs də tədbirə qatılmışdı. Bir-iki nəfər tədbirə üzrlü səbəbdən gəlməmişdi. Orada qərara gəldik ki, növbəti iclas İsa bəyin sədrliyi ilə Müsavat Partiyasının qərargahında keçirilsin. Bu təklifi də mən vermişdim”.

Bunu Qaynar.info-ya Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov deyib. 

O bildirib ki, tədbirlə bağlı məsuliyyət Müsavat Partiyasının üzərindədir: “Tədbir aprelin 12-də olmalıdı idi. Sonra İsa bəylə görüşdük. O dedi ki, bəlkə, tədbiri təxirə salaq, gələn həftəyə qalsın. Tədbirin vaxtı ayın 19-na keçirildi. Aprelin 18-də İsa Qəmbər mənə zəng vurub dedi ki, Hacıbaba müəllim, bir sənəd var o hələ hazır deyil, bəlkə, yenə təxirə salınsın. Dedim, onu camaata deyə bilmərəm, özünüz deyərsiz. Söhbət belə olub. Düzdür, sonra məcbur olub onlara “gəlməyin” dedim”.

H.Əzimovun sözlərinə görə, hazırda nəzərdə tutulan ümumxalq hərəkatı modeli və Milli Şura ideyasıdır: “Yəqin ki, Milli Şura ilə bağlı danışıqlar getdiyinə görə bu iş dayanıb. Açığı, incimişəm. İsa Qəmbərə də zəng vurmuram. Necə deyərlər, top onların tərəfindədir. Amma tədbirlə bağlı məsuliyyət Müsavat Partiyasının üzərindədir. Bu işlərlə bağlı müəyyən qədər təsəvvürüm var. Azərbaycanda indi kimin pulu çoxdursa və yaxud kimin xariclə əlaqələri varsa, o şəxsiyyət hesab olunur. Elə deyil. Mən təklif etdiyim modeldə böyük struktur var. Bizim hələ ki iclaslara dəvət etdiyimiz adamlar qurumun təsisçiləri və onun rəhbərliyində təmsil olunacaq şəxslər idi. Həmin ümumxalq hərəkatında ziyalılar, jurnalistlər, hüquqşünaslar bir sözlə, hamı burada təmsil olunacaq. Burada struktur mövcuddur. Bu modeli bəyəniblər. Amma hazırda Milli Şura məsələsi gündəmdədi. Bilirsiz, həmin qurumun ideyasını tanınmış ziyalı Rüstəm İbrahimbəyov təklif edib. Bəziləri onun təklifi ətrafında düşünürlər. Biz hər ikisinə hazırıq. Təklif etdiyim modelə elə adamları dəvət etmişdim ki, həmin şəxslər uzun illər Azərbaycan siyasətində, ictimaiyyətində nüfuzunu saxlayan adamlardır. Ləkəli adamları dəvət etməmişdim. İndi birliklə bağlı həmin adamları da çağırırlar. Həmin adamların bəziləri İranın, bəziləri də Rusiyanın agentidir. Mən belə adamlarla bir yerdə otura bilmərəm. Milli Şurada da sövdələşmələr aparırlar ki, filankəslər olsun. Yəni hərə öz adamını dəvət etməyə çalışır. Bu, artıq biabırçılıqdır. Bütün bunlar o deməkdir ki, xalqın milli mənafeyi qalıb bir kənarda hər kəs öz mənafeyindən çıxış edir, adamlarını haralarasa yerləşdirmək istəyir”.

İlkin
Qaynar.info