Sağlamlıq 15:57 12.05.2018

Masturbasiya yox, meditasiya

Ötənlərdə belə bir söhbət eşitdim: Bir nəfər digərindən "Meditasiya haqqında nə bilirsən?” deyə soruşub. Cavabı bilirsiniz nə olub? İnanın, təsəvvür belə edə bilməzsiniz. Və o möhtəşəm cavab: "Masturbasiyanı deyirsən?”...

Bu dialoqu eşidəndən sonra düşündüm ki, onsuz da uzun zamandır özümü də düşündürən meditasiya haqqında bir yazı yazım. Belə ki, əziz oxucular, meditasiya əksəriyyətin düşündüyü kimi yoqa deyil, heç masturbasiya da deyil.
 
Meditasiya - latıncadan tərcümədə "meditatio” , "meditor” - düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Müasir günümüzdə mövcud olan fərqli inanclar, məzhəblər meditasiyanı fərqli izah edir və fərqli şəkildə həyata keçirir. Buna görə də standart və ya tək formalı meditasiyadan danışmaq qeyri-mümkündür. Meditasiya bir çox fərqli mədəniyyətlərdə və dində həyata keçirilən mənəvi təmizlənmə texnikasıdır. Onun vasitəsilə insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirməklə beynində mövcud olan, lakin gündəlik həyat qayğıları, stress nəticəsində varlığını unutduğu sükuta, səssizliyə qovuşa bilər. 

Meditasiya və yoqa ilə məşğul olaraq siz beyninizin kimyasını, bununla da həyatınızı tamamilə dəyişə bilərsiniz. Çünki insan həyatı zəka, ruh və bədənin vəhdətindən təşkil olunub. Zəkada, beyində baş verən hər hansı dəyişiklik özünü ruhda, bu isə bədəndə göstərir. Yəni, bir növ "Sağlam bədəndə sağlam ruh olar” deyiminin əksini, "Sağlam ruhda sağlam bədən olar”ı nəzərdə tutur. 

Medistasiyanın insana təsirləri saysız-hesabsız testlərlə ABŞ, İngiltərə, Almaniya kimi dövlətlərin psixoloji araşdırma mərkəzləri tərəfindən sınaqdan keçirilib. Nəticədə dəfələrlə 8 həftəlik meditasiya sonrası insanların əvvəlki ilə müqayisədə 2 qat daha təmkinli, səbrli, stressə davamlı, mərhəmətli olması, qısacası, xarakter və həyata baxışlarında ciddi dəyişiklik müşahidə olunub. Meditasiya ilə məşğul olmaq bir növ insanın öz içindəki mənini tapması deməkdir. İçindəki məni aşkara çıxardıqdan sonra isə onunla "söhbət edib” səni şüuraltı narahat edən bütün mənfi fikir və düşüncələrdən, qorxu və həyəcanlardan azad olursan. 

Bunu mütləq qeyd etməliyik ki, psixoloqlar araşdırmalar zamanı aparılan bütün tədqiqatları sağlam beyin və psixologiyalar üzərində ediblər. Bu səbəbdən də hər hansı nevroloji narahatlığı olan biri meditasiya və yoqa ilə məşğul olaraq müsbət nəticə əldə edə bilər, ya yox, bunu əminliklə deyə bilən yoxdur. Lakin aparılan ümumi tədqiqatlarda hər 14 insandan 1-də meditasyanın əks təsiri görülüb. İndi sizin o bir insan olma ehtimalınız nə qədərdi, bax onu bilmirik.

Belə ki, bəzi insanlara özünü dərindən tanımaq, dalğınlıq zamanı keçmişə gedərək unutduğu narahatlıqlarla üzləşmək pis təsir edib və dərin depressiyanın yaranmasına səbəb olub. Bəzilərində isə illərdi tanıdığı "mən”ində belə dəyişiklik görmək psixi pozuntuya gətirib çıxarıb.

Digər bir iddiaya görə isə beynində hər hansı şiş xəstəlikləri olan insanın meditasiya və yoqa ilə məşğul olduqda beynin həddən artıq sakitləşməsi, aydınlanması və hüceyrələrin inkişafında sürət nəticəsində xəstəliklərin də inkişafına zəmin yaranır. 

Ümumiyyətlə, meditasiyanın faydalarına gəldikdə isə bunlar aşağıdakı kimi qruplaşdırılıb: 

ürək döyüntülərini azaldır, arterial təzyiqi aşağı salır, ətraflarda qan dövranını sürətləndirir, baş ağrılarını aradan qaldırır, yuxunu yaxşılaşdırır, spirtli içkilər və siqaretin istifadəsi aşağı düşür, diabet xəstələrində şəkər normallaşır, stressə qarşı müqavimət artır və s. 

Meditasiya insanı bir çox xəstəliklərdən də sağalda bilir. İnsan daima enerji itirir, bu itki bədənin müəyyən hissələrində özünü göstərir və insanda xəstəliklər meydana gəlir. Bədənin zəif hissələri meditasiya zamanı göynəyir. Bu o deməkdir ki, enerji cəhətdən ac qalmış müəyyən nöqtələr enerji ilə qidalanır və xəstəliklər bununla yox olur.

Bütün bunlarla yanaşı, yenə də siz meditasiya etmək qərarını vermisinizsə, məsləhət görərdik ki, mütəxəssisə müraciət edəsiniz və yalnız sağlamlığınız və psixologiyanızın buna imkan verdiyinə əmin olduqdan sonra başlayasınız.
 
Nərmin Həsənli