Ölkə 20:59 15.08.2013

Məhbus bloqçudan xəbər var

“Rəşadın ürəyində ağrıları artıb, dişləri, saçı tökülür”

Dindar məhbus, bloqçu Rəşad Ramazanovun tibbi-sanitar hissəyə köçürülməsi üçün etdiyi müraciətə hələ cavab verilməyib.
 
Rəşad Ramazanovun xanımı Könül İsmayılova “Media forum” saytına deyib ki, həyat yoldaşı həbs olunandan cəmi bir dəfə - mayın 25-də onunla görüşüb. Sonrakı aylarda ona yoldaşı ilə görüşməyə icazə verilməyib: “Daima bildiriblər ki, istintaq getdiyi üçün görüşə icazə verilmir. Rəşadla yalnız telefonla əlaqə saxlayırıq. Həftədə iki dəfə mənə zəng edir”.
 
Könül İsmayılova vurğulayıb ki, Rəşadın səhhətində ciddi problemlər var, ürəyində ağrıları artıb, dişləri, saçı tökülür: “O, kamerada havasızlıqdan əziyyət çəkir”.
 
Rəşad Ramazanovu (Rəşad Həqiqət Ağəddin) mayın 9-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Bloqçu haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasında saxlanır.
 
Rəşad Ramazanovun istintaqı ayın 7-də yekunlaşıb, iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Qaynar.info