Xəbər lenti

Məhkəmə Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri ilə bağlı qərar çıxardı
Ölkə 09:20 21.05.2024

Məhkəmə Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyevin barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: 2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmiş 32 yaşlı A.Əliyev 22 əcnəbi gəncin pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməkdə təqsirləndirilib.

İttihamda deyilir ki, əcnəbi tələbələrin 2022/2023-cü tədris ilində Qərbi Kaspi Universitetində 10 aylıq hazırlıq kursunda iştirak etməsi üçün təhsil ödənişlərinin toplanması sektor müdiri A.Əliyevə həvalə edilib. O isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Türkiyə, Nigeriya, Pakistan və Hindistan vətəndaşlarının təhsilhaqqı kimi verdikləri ümumilikdə 36 min manatı mənimsəyib.

Qeyd olunan əməllərə görə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Onun haqda ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Cinayət işi Səbail Rayon Məhkəməsində araşdırılıb. Müttəhim məhkəmədə ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib, özünü təqsirli bilmədiyini deyib. Maraqlıdır ki, özünü təqsirli bilməsə də, A.Əliyev müəyyən edilmiş 36 min manat məbləğində ziyanı tam olaraq  Baş Prokurorluğun depozit hesabına ödəyib.

Qərbi Kaspi Universiteti keçmiş əməkdaşlarını istintaqda yazılan məbləğdən çox ziyan vurmaqda ittiham edib. Universitet təqsirləndirilən şəxsdən 70 min manat tələb edib.

İş üzrə şahid qismində dindirilmiş əcnəbilər məhkəmədə müttəhimə pul verdiklərini təsdiq ediblər.

Bütün sübutlar tədqiq edildikdən, tərəflərin çıxışları dinlənildikdən sonra hökm oxunub. Hökmə əsasən, A.Əliyevə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Müttəhimin üzərinə daimi yaşayış yerini hər gün saat 23.00- dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək öhdəliyi qoyulub.

Qərbi Kaspi Universitetinin qaldırdığı mülki iddia isə rədd edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->