Ölkə 14:08 29.04.2013

Mətbuat Şurası DİN-ə müraciət etdi

Azərbaycan Mətbuat Şurası «Azadlıq» qəzetinin əməkdaşları Seymur Həzi və Xaliq Qarayevlə bağlı insidentlə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Şuradan verilən məlumata görə, müraciətdə bildirilir ki, «Azadlıq» qəzetindən MŞ-yə daxil olan məlumatda nəşrin əməkdaşları Seymur Həzinin və Xaliq Qarayevin 2013-cü aprelin 27-də peşə vəzifələrini yerinə yetirərkən təzyiqə məruz qaldıqları əksini tapıb. Jurnalistlərin göstərilən tarixdə metronun «20 Yanvar» stansiyası yaxınlığında Nəqliyyat Nazirliyi müfəttişləri ilə taksi sürücüləri arasında yaşanmış insidentlə bağlı material hazırladıqları önə çəkilib. Qeyd edilib ki, sözügedən nazirliyin müfəttişləri media nümayəndələrinə məxsus videokameraları yararsız hala salaraq özləri ilə aparıblar.

MŞ-nin DİN-ə ünvanladığı müraciətdə eyni zamanda bildirilib ki, hadisənin söz və mətbuat azadlıqlarına müdaxilə kontekstində müzakirə olunması ona həssas yanaşılmasını tələb edir: "Buna görə də sizdən məsələnin xüsusi olaraq nəzarətə götürülməsinə kömək göstərməyi xahiş edirik. Əminik ki, şəxsi diqqətiniz sayəsində insident ətraflı araşdırılacaq, barəsində qanunamüvafiq ölçü götürüləcək”.

Qaynar.info