Siyasət 12:57 28.05.2013

Milli Şura elan olunmadı - YENİLƏNİB

Müsavat Partiyasının başqanı İsa Qəmbər Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə çıxış edib. O, çıxışında Milli Şura ilə bağlı məsələyə də toxunub. 

Müsavat başqanı bildirib ki, Milli Şura ilə bağlı məsələlər 99 faiz həllini tapıb və yaxın 2-3 gün ərzində elan olunacaq.

Eldar Namazov isə çıxışında bildirib ki, Milli Şura ilə bağlı danışıqlar gedir və yaxın saatlarda son qərar verilə bilər: "Ola bilsin ki, yaxın saatlarda nöqtəni nidaya çevirdik". 

___________

12:00

Bu gün Milli Şuranın Novxanıda elan olunması baş tutmayıb. 

Qaynar.info xəbər verir ki, bu barədə Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər Novxanıdakı tədbirdə məlumat verib. Onun sözlərinə görə, danışıqlar tam başa çatmadığı üçün Şuranın elan olunması baş tutmayıb. 

S.Əkbər bildirib ki, yaxın 2 gün ərzində Milli Şuranın elan olunacağı gözlənilir. 

Qeyd edək ki, bu gün - mayın 28-də səhər saatlarından Bakının Novxanı qəsəbəsində izdiham yaşanmaqdadır. Müsavat Partiyasının Gənclər Təşkilatı, ictimai fəallar, həmçinin qəsəbə sakinləri Məmməd Əmin Rəsulzadənin abidəsi önünə toplaşıb.

Tezliklə İctimai Palatanın Respublika Gününə həsr olunmuş bayram mitinqi başlayacaq.

Saat 11 radələrindən başlayaraq abidənin ziyarətinə yüzlərlə insan toplaşıb. Ətrafda polislər olsa da, onlar tədbirə müdaxilə etmirlər.

Qaynar.info