Xəbər lenti

Minimum qiymət 4,50: Taksi xidməti iki dəfə bahalaşacaq?
Ekonomiks 16:36 17.05.2024

Minimum qiymət 4,50: Taksi xidməti iki dəfə bahalaşacaq?

"Taksi xidmətində qiymət artımı gözləniləndir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı iyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqının 4.50 AZN olacağı ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Ekspert qiymət artımının taksi sürücülərinə ziyan vuracağını hesab edir:

"Çox ciddi təsir göstərəcək. Bunun ortaq məxrəci tapılmalıdır. Birdən-birə bu boyda artım baş verə bilməz. Şirkətlər yaxşı başa düşür ki, onlar üçün əlverişli variant olmayacaq. Həm də ziyanlı olacaq, eyni zamanda biznesin çökməsi ilə nəticələnə biləcək. Məcbur qalan vətəndaş hansısa formada taksidən istifadə edəcək. Amma bu mexanizm elə qurulmalıdır ki, burada həm sərnişinlər, həm də sürücülər razı qalsın. Şirkətlər də qazancını götürə bilsinlər". 
 


İndiki halda minimal qiymətin 2 manat 50 qəpik olduğunu deyən Elməddin Muradlı qəfildən iki dəfə artımla məlumatın hələ ki, şirkətlər tərəfindən təsdiq tapmadığını da əlavə edib:

"Bu əslində sürücülər tərəfindən uydurulmuş rəqəmə oxşayır. Dövlət tərəfindən də şirkətlər qarşısında qiymətlərin qaldırılması ilə bağlı hər hansı tələb qoyulmayıb. Amma bu mexaniki bir prosesdir, köhnə avtomobillər istismardan yığışdırıldı, taksi xidmətinə yararlı hesab edilmir. Belə olan halda sürücülər də məcburdur ki, gedib yeni,, həm də bahalı avtomobil alsınlar. Dünənə qədər 10 min manatlıq avtomobillə sərnişin daşıyan sürücü bu gün 20-25 min manatlıq avtomobillə xəttə çıxır. Buna görə də həmin qiymətə sərnişin daşımaq istəməyəcək. Bu onun haqqıdır".

Qeyd edək ki, iyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq. Bu barədə mətbuata taksi sürücüləri məlumat verib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->