Siyasət 14:43 10.03.2018

MSK daha 3 nəfərin prezidentliyə namizədliyini qeydə aldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyevin və prezidentliyə namizədliyi "AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Qaynarinfo xəbər verir ki, namizədlərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, həmin şəxslər namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər. Onların qeydə alınması üçün əsaslar var.

Hər 3 şəxsin prezidentliyə namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, prezidentliyə qeydə alınmış namizədlərin sayı 7-yə çatıb.

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onlardan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin, Zahid Orucun, Qüdrət Həsənquliyevin, Araz Əlizadənin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.