Hüseynbala Səlimov
Siyasət 12:26 07.10.2019

Qarabağda müharibə olacaqmı?..

Hüseynbala SƏLİMOV

Qəti demək olmaz ki, Ermənistanın baş nazirinin sərsəm avqust bəyanatları tamam cavabsız qalmışdı – yox, Azərbaycan XİN-i Paşinyanın çağırışlarına dəfələrlə kəskin reaksiya vermişdi. Üstəlik, bir qədər gecikmə ilə olasa da, Minsk Qrupunun həmsədrləri, əsasən də Rusiya XİN-nin mətbuat xidməti bu bəyanatları cavabsız qoymadı.  

Amma mübaliğəsiz demək olar ki, Azərbaycan prezidentinin Valday Forumunda səsləndirdiyi məşhur bəyanatın yaratdığı effekt qədər əsk-səda olmamışdı. Demək olar ki, bütün KİV-lər, özü də təkcə MDB üzvü olan ölkələrin yox, həm də bir sıra əcnəbi media-strukturları yalnız bu haqda yazır və danışırdılar. 

Hətta bir çoxu tələsik belə bir bəyanat yaydı ki, ehtimal, bu cür kəskin və konkret bəyanatdan sonra müharibə qaçılmaz və labüd olacaq. Odur ki, siyasi təhlilçilər dərhal Qarabağ probleminin, necə deyərlər, "yaxın üfüq”lərini araşdırmağa girişdilər.

Amma biz yenə də bu fikirdəyik ki, nəticələrlə tələsmək lazım deyil. Əlbəttə ki, Azərbaycan prezidentinin bəyanatı çox zəruri və hətta vacib idi, ən azı ona görə ki, birincisi, bu bəyanat, necə deyərlər, bütün vurğuları öz yerinə qoydu, ikincisi, aydındır ki, heç kim ölkənin mövqeyini prezidentlərdən yaxşı ifadə edə bilməz və bu heç sözsüz ki, Azərbaycana və onun prezidentinə də aiddir. 

Fəqət, demək olar ki, eyni vaxtda Rusiya xarici işlər nazirinin də iki bəyanatı oldu. S.Lavrov əvvəlcə N.Paşinyanı Albaniyanın baş naziri ilə müqayisə edərək dedi ki, o, da Tiranada oturub bəyan edir ki, Kosovo Albaniyanındır. Ermənilərin Rusiya nazirinin bu bəyanatına reaksiyasını çox gözləmək lazım gəlmədi: erməni KİV-ləri xorla bəyan etdi ki, artıq guya əvvəlki vaxtlar deyil və Moskva bizə göstəriş verə bilməz!..  

Amma aydındır ki, onlar növbəti dəfə ikiüzlülük edir və yalan danışırdılar, çünki təxminən bir neçə gün əvvəl baş nazirləri az qala, dəridən-qabıqdan çıxırdı ki, Rusiya prezidentinin rəğbətini qazana bilsin və V.Putindən çox arzuladığı ikitərəfli görüşü də ən son anda, aeroportda ala bildi, özü də Rusiya prezidenti uçuş ərəfəsində olarkən...

Bir az əvvəldəcə qeyd elədik ki, erməni KİV-ləri Lavrovun qeyd olunan bəyanatına özlərinə xas şəkildə reaksiya verərkən yenə də ikiüzlülük edir və yalan danışırdılar.

Məsələ bundadır ki, Lavrovun daha bir bəyanatı olmuşdu və o, erməniləri əmin etmişdi ki, onların narahat olmaq və Azərbaycan tərəfdən ehtiyatlanmaq üçün heç bir əsasları yoxdur, çünki müharibə və ya hərbi qarşıdurma olmayacaq. "Mən burada hərbi əməliyyatların bərpa edilməsilə bağlı heç bir təhlükə görmürəm, Rusiya hər şeyi edəcək ki, müharibə olmasın” – Lavrov təxminən belə demişdi...

Düşünürük ki, burada ətraflı, geniş şərhə ehtiyac yoxdur: ermənilərə məhz belə "sığorta” lazım idi və bunu onların sərəncamına başqa bir adam yox, məhz Rusiyanın xarici işlər naziri verdi və onları bir daha əmin etdi ki, Azərbaycanın mümkün təzyiqindən ehtiyatlanmasınlar – heç bir müharibə və ya hərbi qarşıdurma olmayacaq.

Əlbəttə, belə hal Azərbaycan prezidentinin bəyanatının önəmini qəti azaltmır. Üstəlik, Azərbaycan prezidenti İrəvandakı sammitdən cəmi bir gün sonra nümayiş etdirdi ki, Azərbaycanın siyasi çəkisi və nüfuzu heç də illərlə KTMT-nın və ya Avrasiya Birliyinin üzvü olan ölkələrinkindən az deyil və ən əsası da göstərdi ki, hətta adı çəkilən həmin təşkilatların üzvü olmadan da elə siyasət apramaq mümkündür ki, sənə hörmət etsinlər və səninlə hesablaşsınlar.

Amma biz çox şeylər haqqında ətrfalı və ciddi düşünməliyik, o cümlədən də belə bir sual üzərində ki, niyə S.Lavrov Dağlıq Qarabağı məhz Kosovo ilə müqayisə etdi? Bilavasitə Dağlıq Qarabağ probleminə gəldikdə isə, bütün hallarda, yenə də düşünürük ki, narahatlıq üçün əsas yoxdur: prezidentin dediyi nida işarəsi çoxu üçün xəbərdaredici bir işarə olacaq...

Siyasi payız hələ indi yetişir və qarşıda hələ çox mühüm və maraqlı hadisələr var. Tezliklə həmsədrlər bölgəyə səfər etməlidirlər ki, xarici işlər nazirlərinin görüşünün vaxtını və yerini müəyyən etsinlər. 

Beləlikdə isə, Azərbaycanın siyasi durumu və atmosferi iqlim dəyişikliklərindən və ya ilin fəsillərindən asılı deyil. Burada ermənilər narahat olmalıdırlar, çünki hər il qış ərəfəsində Ermənistanla Rusya arasında "qaz danışıqları” başlayır. Əlbəttə ki, çox şey bir sualdan asılı olacaq: Rusiya prezindeti Ermənistandan nə dərəcədə razı getdi? 

Amma V.Putinin İrəvanda olduğu bir gün ərzində vaxt tapıb eks-prezident R.Koçaryanın həyat yoldaşı ilə görüşməsi və eks-prezidentin hələ də həbsdə qalması bir daha göstərir ki, məsələ hələ çözülməyib və Kreml hələ öz tələblərini unutmayıb...