Xəbər lenti

Müsavatdaxili mübarizənin yeni mərhələsi - Məclis sədri kim olacaq?
Siyasət 14:57 08.05.2024

Müsavatdaxili mübarizənin yeni mərhələsi - Məclis sədri kim olacaq?

Müsavat Partiyası Divan və Məclis sədri vəzifələrinə keçirilcək seçkilərinin vaxtı açıqlanıb. 

Partiyadan Qaynarinfo-ya verilən məlumata görə, partiya Məclisinin yeni tərkibdə ilk sessiyası mayın 18-də baş tutacaq. Məclis sessiyada partiyanın yeni Məclis sədrini, katib və Divan üzvlərini seçəcək. Namizədlərin irəli sürülməsi prosesi mayın 15-i başa çatacaq. 

Bəs, partiya Nizamnaməsi iki dəfə Məclis sədri seçilən şəxsə üçüncü dəfə sözügedən vəzifəyə namizəd olmaq hüququ verirmi? Ümumiyyətlə, Müsavat Partiyasında Məclis sədrinin səlahiyyəti nədir? 

Partiyanın Nizamnaməsinə əsasən, Müsavat başqanı öz səlahiyyətlərinin müəyyən hissəsini Məclisin sədrinə və ya müavinlərdən birinə verə bilər. Başqan hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədikdə, onun bütün səlahiyyətlərini Məclisin sədri həyata keçirir. Bundan əlavə, Məclis öz üzvləri arasından Divan üzvlərini, Məclisin sədrini, katibini və komissiya sədrlərini seçir, Başqanın təqdimatı ilə müavinlərini təsdiq edir. Məclis həmçinin mühüm məsələlərin müzakirəsi və həlli üçün öz qərarı ilə partiyadaxili referendumlar keçirilə bilər. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Məclis sədri Müsavat Partiyasının başqan vəzifəsindən sonra ən mühüm post hesab edilir. Belə olan halda, İsa Qəmbərin başqanlığı dövründə Məclis sədri vəzifəsinə kimlər iddialıdır? 

Partiyadan verilən məlumata görə, hələlik bu vəzifəyə heç kim namizədliyini irəli sürməyib. Amma sədrlik uğrunda yeni iddialıların olması da qaçılmazdır. Yaxın günlərdə onlar öz ərizələrini Məclisə tədqim edəcək. 

Bəs, sabiq Məclis sədri Nüşabə Sadıqlı yenidən sözügedən vəzifəyə namizədliyini irəli sürəcəkmi? O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Partiyanın nizamnaməsində Məclis sədri vəzifəsinə iki dəfədən sonra seçilməklə bağlı məhdudiyyət qoyulmayıb:

"Arif Hacılının başqanlığı dövründə icra etdiyim vəzifəyə yenidən namizəd olmağımla bağlı məhdudiyyət yoxdur".

Partiyanın İcra Aparatının sabiq rəhbəri Gülağa Aslanlı da Qaynarinfo-ya açıqlamasında nizamnamədə Məclis sədri vəzifəsinə məhdudiyyətlərin olmadığını bildirib:

"Hələ heç kəs namizədliyini irəli sürməyib. İddiaçılar var, amma rəsmən elan olunmayıb. Yəqin ki, onların adları mayın 10-dan sonra açıqlanacaq". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->